Laçının (şəhər mərkəzi) və Zabuxun Azərbaycanın tam nəzarətinə keçmək ərəfəsində olduğu bir vaxtda Ermənistanda hansısa erməni “mədəni irsi” ətrafında informasiya səs-küyü davam edir.
Erməni professor, İrəvan Dövlət Universitetinin mədəniyyətşünaslıq kafedrasının müdiri Hamlet Petrosyan açıqlama yayaraq bildirib ki, mövcud olmayan separatçı qurumun bəzi nümayəndələri hansısa “mədəniyyət abidələri”ni evakuasiya etməklə məşğuldurlar.
Bunun necə baş verdiyini ortaya çıxan videolarda görmək olar.
Ermənilər kilsələrin divarlarına həkk edilmiş barelyefləri qopararaq əslində vandalizmlə məşğuldurlar, baxmayaraq ki, sözügedən barelyeflər oraya sonradan quraşdırılıb.
Tarix elmləri doktoru, Qafqaz Beynəlxalq Geosiyasət Tarixinin Öyrənilməsi Mərkəzinin prezidenti, gürcüstanlı analitik Quram Marxuliya Oxu.Az-a müsahibəsində erməni tərəfinin narazılığının anlaşılan olmadığını bildirib:
– İşğaldan azad edilmiş Azərbaycan ərazilərində hansı erməni mədəni irsindən danışılır? Azərbaycan ərazisi işğal olunandan sonra 90-cı illərdə inşa edilən tikililərdən söhbət gedir? Yoxsa erməni tərəfinin özünün “ixtira etdiyi”, sonra isə Azərbaycanın Ağdam rayonunda “tapdığı” çoxsaylı mifik “Tiqranakertlər”dən birindən söhbət gedir? Bu ki gülməlidir. Lakin dünyada çoxları baş vermiş real hadisələrə, məsələn, onlarla məscidin dağıdılmasına əhəmiyyət vermədən bu oyunlara aldanır. Həmçinin, gəlin ermənilərin Qarabağdakı pravoslav kilsələri erməni üsulu ilə necə yenidən “tikdiyini”, bəzilərini isə hətta dağıtdığını xatırlayaq. İnşası heç 25 ilə dayanmayan yeni tikili tarixi irs sayıla bilməz. Onlar işğaldan sonra bu əməllərini yad ərazilərdə yalnız bir məqsədlə ediblər – uzun əsrlər boyu burada ermənilərin yaşadığının görüntüsünü yaratmaq. Bu isə cəfəngiyyatdır. Ən maraqlısı odur ki, bunlar heç qədim tikililərin surətləri də deyil və ermənilər özləri bu barelyeflərə barbarcasına yanaşır, onları söküb çıxarırlar. İndi onlar xaçkarlarını çıxarmaqla məşğuldurlar. Lakin bir müddət sonra yenə söhbətlər başlayacaq ki, bura guya qədim erməni torpağıdır və sübut kimi dünyanın hər yerində – Latın Amerikasından tutmuş Ukraynaya, Fransaya qədər qoyduqları həmin yeni və süni xaçkarları gətirəcəklər.
– Bəs Gürcüstan oxşar problemlə üzləşibmi?
– Əlbəttə. Cavaxetiyada kilsə tikdirdilər və oranın “qədim erməni torpağı” olduğunu iddia etməyə başladılar. Onlar gürcü kilsələrini mənimsəyib bildirirlər ki, bu məbədlər ermənilərə məxsusdur. Bir neçə il əvvəl Axalkalaki rayonunun Kumurdo kəndində insident baş vermişdi. Ermənilər X əsrə aid gürcü kilsəsinin erməni məbədi olduğunu iddia edərək onun bərpasına mane olmağa çalışırdılar. Gürcüstanda, Cavaxetiyada Mesrop Maştosun gürcü əlifbasının yaradıcısı olduğunu iddia edərək ona abidə ucaldırlar. Amma nədənsə Gürcüstan hakimiyyəti buna reaksiya vermir. Çoxlu nümunələr var. Ermənilərin Gürcüstanda da, Azərbaycanda da taktikası oxşardır.
Yeri gəlmişkən, hesab edirəm ki, Ukrayna da oxşar vəziyyətlə üzləşəcək. Onlar çoxdan deyirlər ki, Kiyev, Lvov, hətta Odessanı ermənilər tikib. 2018-ci ildə Ukraynanın qədim məbədi – Müqəddəs Sofiya kilsəsində erməni xaçkarını müqəddəsləşdiriblər. Hər şey belə başlayır.
Nair Əliyev