Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənub sərhədlərində təhlükəsizliyi təmin etmək üçün Türkiyənin Suriyada hərbi əməliyyatları davam etdirmək əzmində olduğunu bir daha təsdiqləyib. Ankaranın əsas məqsədi “təhlükəsizlik kəməri” yaratmaqdır. Dəməşq artıq kürd birləşmələri ilə Suriya hökumətinin yaxınlaşmasına imkan yaradaraq, Türkiyənin əməliyyatına qarşı çıxacaqlarını bəyan edib.
Türkiyənin tərəfdaşları da fikirlərini ifadə ediblər. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi Ankaranın Suriyadakı çətin vəziyyətin təhlükəli şəkildə pisləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinəcəyinə ümid etdiyini bildirib. Eyni zamanda, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının sərhədyanı rayonlarından milli təhlükəsizliyə təhdidlərlə bağlı Türkiyənin narahatlığını başa düşdüklərini qeyd edib. Öz növbəsində ABŞ dövlət katibi Entoni Blinken də vurğulayıb ki, Türkiyənin Suriyaya yeni hücumu regional sabitliyi pozacaq.
ABŞ-ın NATO-dakı müttəfiqi olan Türkiyənin Suriyada ABŞ-ın müttəfiqi sayılan kürdlərə qarşı əməliyyat keçirməyə hazırlaşması ilə çox ciddi vəziyyət yaranıb. Ankara geri çəkilməyəcək, lakin ABŞ müttəfiqi olan kürd hərbi birləşmələrini dəstəkləməyə bilməz. Digər tərəfdən, Türkiyənin Suriya hökumətini dəstəkləyən Rusiya ilə çətin münasibətləri var. Bəs öz növbəsində Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycanın bu vəziyyətdə rolu nədən ibarətdir?
Oxu.Az regiondakı vəziyyəti dəyərləndirmək üçün tanınmış rusiyalı şərqşünas alim, siyasi elmlər namizədi Roland Bicamova müraciət edib:
– İlk növbədə, bütün bu vəziyyətdə, bu ziddiyyət dolaşıqlığında mənə əsas görünən şeyi vurğulamaq istəyirəm. Ankaranın genişmiqyaslı əməliyyata başlayıb-başlamayacağı məsələsi arxa plana keçir. Çünki Türkiyənin qüvvətli regional güc olaraq istədiyi siyasi nəticəni əldə etmək üçün sadəcə olaraq gördüyü təhlükəni qeyd etməsi kifayətdir. Bundan əlavə, çox şey iyunun 8-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında Ankarada keçiriləcək görüşdən və ümumiyyətlə, hərbçilərin də daxil olduğu Rusiya nümayəndə heyətinin səfərinin nəticələrindən asılı olacaq. Rusiya və Türkiyə rəhbərliyi arasında koordinasiya olacaq.
Bu, sadə məsələ deyil, çünki əvvəllər açıqlanan memorandumlar işləmədi. Ancaq bu başa düşüləndir, çünki razılaşmaların praktiki icrası reallıq divarına çırpılırdı. Amma bu da çox vacibdir, hər halda Suriyada Türkiyə ilə Rusiya arasında əməkdaşlıq və koordinasiya davam edir. Eyni zamanda Türkiyə oyunu amerikalı müttəfiqləri ilə də aparır. Yəni, Ankaranın nəzərə aldığı maraqlar balansı var. Ən əsası, Türkiyə strateji təhlükəsizliyi ilə bağlı məsələləri həll edir. Tamamilə qanuni türk maraqları var, Türkiyə sərhədlərini, təhlükəsizliyini qoruyur. Eyni zamanda Ankara Suriyanın ərazi bütövlüyünə qəsd etmədiyini vurğulayıb. ABŞ isə burada, bəlkə də hazırda Türkiyə üçün qıcıqlandırıcı faktordur.
Azərbaycana gəlincə, ölkəniz şübhəsiz ki, Türkiyə üçün strateji müttəfiq və tərəfdaşdır. Coğrafi baxımdan Azərbaycan Suriyadan aralıdır, ona görə də hesab edirəm ki, Suriya istiqamətində mümkün hərbi əməliyyatlarda iştirak etməyəcək. Lakin beynəlxalq platformalarda Bakı həmişə olduğu kimi Türkiyəni dəstəkləyəcək. Çox güman ki, Azərbaycan və Türkiyənin beynəlxalq səylərinin koordinasiyası olacaq.
Nair Əliyev