• Be. Noy 25th, 2024

Rusiya qoşunları bölgədə vəziyyəti gərginləşdirib Moldovada möhkəmlənmək istəyir – “Kaspi”nin TƏHLİLİ – FOTO

ByYenigun.news

Apr 1, 2023


Rusiya-Ukrayna cəbhə xəttinin bir addımlığında yerləşən Moldovada sular durulmur. Qərbpərəst iqtidarın atdığı addımlar Kreml tərəfindən təhdid kimi qarşılanır və Moskvanın növbəti hədəfinin Moldova olacağı bildirilir. Sandu hökumətinin “dövlət dili” ilə bağlı qərarı isə bu gərginliyi daha da artırıb.

Ukraynada müharibədən sonra Moldovada maraqlı, gərgin proseslər yaşanır. Rusiyanın orbitindən uzaqlaşıb, Qərbə inteqrasiyanı prioritet elan edən Moldova hakimiyyəti bu istiqamətdə konkret addımlar atmaqda davam edir. Rəsmi Kişineu gözəl anlayır ki, Rusiyanın növbəti hədəfinə çevrilə bilər. Narahatlıq üçün əsas da var. Bəllidir ki, postsovet məkanında separatizmə rəvac verən Kreml bu ölkənin ərazisində qondarma Dnestryanı respublika yaradıb. Onun vasitəsilə də Moldovanı daim təzyiq altında saxlamağa çalışır. Moldova da təzyiqlərə baxmayaraq Qərbə inteqrasiya yolunda addımlar atmaqdadır. Məqsədinə çatmağın yolunu isə Rumıniya ilə birləşməkdə görür. Kişineu gözəl anlayır ki, Qərbə qalsa, inteqrasiya prosesi illər çəkəcək. Lakin Avropa İttifaqı və NATO üzvü olan Rumıniya ilə birləşməklə inteqrasiyaya tez bir zamanda nail ola bilər. Qərbpərəst Mayya Sandu hökuməti ilk addım kimi dil məsələsini reallaşdırıb. Parlamentin təsdiqindən sonra prezident Sandu dövlət dilinin adının moldav dilindən rumın dilinə dəyişdirib. “Tarixi və təkzibedilməz həqiqəti əks etdirən qanunu təsdiqləyirəm – Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin”, – deyə Sandu bəyan edib. Bildirib ki, bəzi insanlar Moldova cəmiyyətini parçalamaq üçün uzun müddətdir sakinlərin rumın dilində deyil, moldav dilində danışdıqlarını vurğulayıblar. Lakin proseslərin gedişi göstərir ki, Sandu hökuməti rusiyapərəst sosialistlər və kommunistlərin, eləcə də onların arxasında duran Kremlin sürprizləri ilə qarşılaşacaq. Bu qüvvələr artıq deyirlər ki, “hakimiyyət xalqın müqəddəs ənənələrinə təcavüz edib”. Moskva da rəsmən Moldovada dövlət dilinin dəyişməsinə qarşı çıxıb. Moldovada seçkilər yaxınlaşır və çoxları bu qənaətdədir ki, rusiyayönümlü qüvvələrin bu seçkilərdə uğur qazanması üçün bütün imkanlar səfərbər olunacaq.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Rumıniya-Moldova konfederasiyası reallaşır?

Qeyd edək ki, Moldovanın məktəb və universitetlərində rumın dili tədris edilir. Kiril əlifbasına əsaslanan moldav dili isə yalnız rusların nəzarəti altında olan Dnestryanı bölgədə tədris olunur. Kişineunun qərarının arxasında müəyyən hədəflərin olduğu aydındır. Ehtimal ki, Sandunun ağlında iki ölkənin birləşdirilməsi layihəsi yoxdur. O daha çox Rumıniya-Moldova konfederasiyasının yaranmasını istəyə bilər. Belə olan təqdirdə həm Moldova dövlətçiliyi qalmış olacaq, həm də Rumıniya ilə birləşdiyi üçün ölkə Avropa İttifaqı və NATO üzvü sayıla biləcək. Lakin Sandunun bu istəyi heç də birmənalı qarşılanmır. Rusiyameyilli qüvvələrlə yanaşı, Qaqauz rəhbəri İrina Vlax da belə bir şey olacağı təqdirdə muxtariyyətin öz müqəddəratını təyin edəcəyini dəfələrlə açıqlayıb. Yəni Sandu Rumıniya ilə birləşmək istəsə belə, bu, Moldovaya torpaq itkisi bahasına başa gələ bilər.

Moldav dili olmayıb?

“Moldovalılar” və “moldav dili” terminləri dilləri rumın dili olmuş orta əsr Moldova Knyazlığından gəlir. 1991-ci ildən Moldovanın müstəqilliyi haqqında bəyannamədə aydın şəkildə yazılıb ki, dövlət dili rumın dilidir. Lakin Rusiya bu ölkə üzərində nəzarəti itirməsin deyə, illərdir moldav dili üzərində dayanır, bunu “Dnestryanı münaqişə”nin qızışmasında təbliğat alətinə çevirir. Hazırda Dnestryanı bölgədə üç rəsmi dil var – moldav (kirill), Ukrayna və rus. Lakin burada “dövlət” dili kimi yalnız rus dilindən istifadə edilir.

Kremlin Moldovanı qəsb etmək planı

Qərb mediası israrla bəyan edir ki, Kremlin Kişineunu Moskva ilə tədricən yaxınlaşdırmağa dair xüsusi planı var. Konkret olaraq alman mediası Moldovada rusiyayönlü qüvvələrə dəstək verilməsi və ölkə hökumətinin Qərblə yaxınlaşmasının qarşısının alınmasına dair strateji sənədin ələ keçirildiyini yazır. Qərb ekspertləri sənədin orijinallığını təsdiq edirlər. Beş səhifəlik strateji planda Moldova ilə siyasi, hərbi, ticari və iqtisadi bağların möhkəmləndirilməsi, habelə təhlükəsizlik və ictimai sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu sənəddə Kişineuya Rusiyanın Qərblə qarşıdurmasında mühüm forpost kimi baxılır. Məqsəd yaxın 10 ildə xarici qüvvələrin, o cümlədən NATO-nun Moldovanın daxili işlərinə qarışmasının qarşısını almaqdır. Bu mənada Moldovanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi İttifaqına üzv edilməsi tədbirlərinə xüsusi diqqət yetirilir. Plan müəlliflərinin fikrincə Kişineu oriyentasiyasını Rusiya təchizat bazarına yönləndirməli, habelə rus dilinin distant tədrisi sistemini tətbiq etməlidir. Plana görə, 2030-cu ilədək ölkədə rusdilli medianın geniş şəbəkəsi yaradılmalıdır. Bundan başqa, Dnestryanıda Rusiya qoşunlarının möhkəmləndirilməsi nəzərdə tutulur. Görünür, bu planı da Belarusun Rusiyaya birləşdirilməsi layihəsinin üzərində işləyənlər tərtib ediblər. Rusiya Prezident Administrasiyası medianın bu plan barədə sorğularına cavab verməyib.

Mövzunu ümumiləşdirsək, Rusiya qarşıdakı dönəmdə ya Dnestryanı bölgədə vəziyyəti gərginləşdirməyə, ya da seçkilərdə nəyin bahasına olursa-olsun tərəfdarlarının qələbə qazanmasına çalışacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir