• Ça. Noy 26th, 2024

Rusiya sülhməramlıları Qarabağa niyə gəldilər və onlara indi ehtiyac varmı? – TƏHLİL

ByYenigun.news

Avq 16, 2022

Azərbaycan Ordusu “Qisas” antiterror əməliyyatı keçirdikdən sonra regional məsələlərə dair bir sual da aktuallaşır: Rusiya sülhməramlılarına ehtiyac qalıbmı?

Suala cavab axtararkən lenti bir qədər geri çevirib soyuqqanlı yanaşma ilə 10 Noyabr Bəyanatından əvvəlki və sonrakı vəziyyəti təhlil etmək lazımdır.

Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı münasibət birmənalı olmasa da, Moskvadakı bəzi dairələrdən Bakıya hərdənbir təhdidlər səslənsə də, dövlətlərarası əlaqələrdə iki ölkənin strateji xətləri mövcuddur.

Cəmiyyətdə səslənən “Rusiya əvvəldən Qarabağa sülhməramlı yerləşdirməyi planlaşdırırdı və Azərbaycan da buna razı idi” fikri diskussiya platformalarını bəzəsə də, əsl həqiqət tam başqa cür olub.

Birincisi, Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarına gəlişi müharibənin gedişatında, daha doğrusu, müharibənin bitməsinə əminlik yarandıqdan sonra razılaşdırılıb.

Azərbaycan Rusiyanın təklifinə cavab olaraq təcili şəkildə Moskvadan sülhməramlı kontingentin şəxsi heyəti və texnika sayı ilə bağlı siyahı istəyib.

Siyahı Bakıya təqdim edildikdən sonra Azərbaycan dövləti təhlükəsizlik mühitindən tutmuş gələcək strateji maraqlarına qədər hamısını incəliklə təhlil edib və Bakı Moskva üzərinə, həqiqətən də, sülhməramlı parametrlərlə öhdəlik yaradan missiya yükləyib.

Bu istiqamətlərin müəyyən edilməsində, təbii ki, Azərbaycanın strateji müttəfiqi Türkiyənin də əməyi keçib və Bakı ilə Ankara birgə məsləhətləşmələrlə Rusiya qoşunlarının işğalçı kimi deyil, sülhyaratmanın bir elementi kimi regiona daxil olmasına yaşıl işıq yandırıblar.

Bəzi insanlar haqlı olaraq belə bir sualı müzakirə səhnəsinə çıxarırlar ki, bəs niyə NATO sülhməramlıları Qarabağda peyda olmayıblar?

Çünki NATO ümumiyyətlə Moskva ilə konfrontasiyanı dərinləşdirmək meylindən qaçmaq üçün regiona qoşun göndərmək planını nəzərdən belə keçirməyib. Ümumiyyətlə, 44 günlük müharibənin gedişatında Qərb ölkələrinin öz qoşunlarının regionda gələcək dislokasiyasına dair Bakıya hər hansı qrafik təqdim etməsi inandırıcı deyil.

Digər vacib məqam – Azərbaycan Rusiya sülhməramlıları ilə NATO qüvvələri arasında paritet qurmazdı, yəni həm Kremlin təyin etdiyi say və NATO hərbçilərinin eyni zamanda bərabər əsaslarla Qarabağda xidmətinə razı olmazdı. Bunun əksi regionu poliqon vəziyyətinə gətirərdi, çünki hamının bildiyi kimi, Rusiya ilə NATO əks qütblərdir.

NATO Cənubi Qafqazda Rusiyanın qarşısına Türkiyənin keçməsini Moskvanın ehtimal olunan ambisiyaları qarşısında neytrallaşdırıcı təsir kimi dəyərləndirdi.

Azərbaycanla Türkiyənin koordinasiyası ilə Rusiya qoşunları Qarabağda sülh müqaviləsinə gedən yolda rol alırlar.

Hərçənd ki, ara-sıra Rusiya tərəfindən ikibaşlı mövqenin hakim olduğu zamanlarda sülhməramlılar da ayağısürüşkənlik nümayiş etdirirlər.

Amma Azərbaycan hər hansı mübahisəli məqamın aradan qaldırılması üçün Rusiya Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi ilə operativ əlaqə yaradaraq problemi yox etmək yönündə çalışır.

İndi sülhməramlılar Azərbaycanın həyata keçirdiyi və bundan sonra atacağı addımların qarşısına keçmək vəzifəsinə malik deyillər – “Qisas” da bunu göstərir.

Bunları qeyd etmədən yuxarıdakı suala verəcəyimiz cavab aydın olmazdı, indi keçək həmin sualın açılışına.

Rusiya sülhməramlılarının çıxarılması 10 noyabr Bəyanatına əsasən, həmin tarixin beş ilinin tamamında reallaşmalıdır.

Bəyanata görə, bu müddət uzadıla da bilər. Sənəddə nəzərdə tutulmasa belə, prosesin tez yekunlaşmasının gerçəkləşmək hüququ da istisna edilmir.

“Qisas”dan sonra qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxması sürətləndirildiyindən sülhməramlıların da getməsi aktual məsələ kimi görünsə də, hələlik məsələnin bir qədər təxirə salınması daha praqmatik addımdır.

Sülhməramlıların Azərbaycan ərazilərindəki xidmətinə son qoyulması yalnız təhlükəsizlik mühitinin yenidən dəyərləndirilməsindən sonra baş tutacaq, amma bu barədə hələ mütləq bir qərar yoxdur.

Çünki erməni silahlıların hamısının çıxması belə, sülhməramlıların da dərhal geri dönüşünü şərtləndirmir. Ona görə ki, ortada mülki erməni əhali ilə Azərbaycan Ordusunun hər hansı insident riski qala bilər və bu zaman sülhməramlılar tarazlayıcı bir mövqe ilə Azərbaycanın maraqlarının tez təmin olunmasına yardımçı olarlar.

Bundan sonrakı gedişatlarda irili-xırdalı bəzi problemlərin ortaya çıxacağı gözlənilsə də, nəticədə Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti xidmət göstərdikləri ərazilərində özünün suveren hüquqlarını konstitusion normalarla bərpa edəcək.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir