• Ca. Noy 28th, 2024

Sahibə Qafarova Qazaxıstanın vitse-spikeri ilə görüşdü – FOTO

ByYenigun.news

May 16, 2022

Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva ilə görüşüb.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Sahibə Qafarova parlamentlərin ölkələrimiz arasında münasibətlərdə körpü rolunu oynadığını qeyd edərək, bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Spiker parlamentlərin TürkPA və digər beynəlxalq təşkilatlarla yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində də uğurla əməkdaşlıq etdiyini qeyd edib. Sahibə Qafarova İƏT PA-nın Pakistanda keçirilmiş İkinci Ümumi Konfransında müzakirə edilmiş məsələlərin əhəmiyyətindən və həmin tədbirdə iştirakından danışıb. Bildirib ki, sabah təşkilatın Bakıda keçiriləcək Üçüncü Konfransında da mühüm məsələlər müzakirə ediləcək.

Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə barədə də danışaraq bildirib ki, Azərbaycan bu qələbə sayəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərini, həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini işğaldan azad edib. İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfər zamanı bu gözəl şəhərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Qazaxıstan Parlamenti Məclisinin vitse-spikeri Azərbaycana dəvətə görə təşəkkür edib. O, xalqlarımızın ortaq dəyərlərə malik olduğunu, müstəqillik illərində münasibətlərin böyük inkişaf yolu keçdiyini deyib. Qonaq qeyd edib ki, parlamentlər arasında əlaqələrin inkişafı münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov və digər rəsmi şəxslər iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir