Türkiyədəki prezident seçkisindən sonra formalaşan yeni iqtidar komandasında diqqət ən çox Hakan Fidanın üzərinə cəmlənir.
İllərdir Türkiyə Milli İstihbarat Təşkilatına (MİT) rəhbərlik edərək nəhəng kəşfiyyat portfeli qazanmış Hakan Fidanın xarici işlər naziri təyin edilməsi sadə, bürokratik bir kadr dəyişikliyi sayıla bilməz.
Hakan Fidanın timsalında Türkiyə dövləti diplomatiya ilə hərbinin “səssiz ordusu” olan kəşfiyyat fəaliyyətini birləşdirir, qlobal reputasiyasını “sirr küpü” kimi tanınan MİT-in keçmiş başçısının açıqlanmayan tərəfləri ilə tarazlaşdırır.
Bu, Ankaranın xarici siyasət dizaynına yenilik gətirir, Türkiyənin kəşfiyyat-diplomatiya təcrübəsi əsasında marağı olduğu regionlardakı hərbi-siyasi dairəsini genişləndirəcəyinə işarələr verir.
Hakan Fidan MİT rəisi olanda belə, Türkiyənin əsas beynəlxalq portfellərini, xüsusən də, Suriya, Rusiya, Misir, Körfəz ölkələri, ABŞ ilə əlaqələrin tənzimlənməsində idarəedici gizli moderator funksiyası qazanıb.
İndi onun xarici siyasət sükanı arxasında əyləşməsi sərt dillə barışdırıcı güc harmoniyası kontekstində izah edilə bilər.
Fidanın xarici siyasətin diplomatiya səhnəsində rəsmiləşən rolu Türkiyənin Suriya, İraq siyasətlərində güclənən nüfuzuna, Rusiya-Ukrayna münaqişəsindəki vasitəçilik rolunda nəzərəçarpacaq irəliləyişə, Ankaranın Qərblə münasibətlərində gərgin xətti azaltmaq istəklərinə işarə edir.
Bu zamana qədər Türkiyə siyasətində pərdəarxası memar olan Hakan Fidan əvvəlki kəşfiyyat portfelindən qazandığı şəxsi avtoritetini danışıqlarda xarici işlər naziri kimi sınamalı olacaq və mümkündür ki, ölkəyə daha çox investisiya üçün inandırıcı dəlillər ortaya qoyacaq.
Kəşfiyyat məlumatlarının toplanması ilə diplomatik quruculuqda yeni mərhələ arasında körpü Fidanın siyasi səhnədəki görünən və görünməyən tərəflərini birləşdirəcək.
Türkiyənin regional şahmat taxtasındakı yerinin tərpədilərək qlobal gücə çevrilmək üçün real addımlara keçməsi gözlənilir, burada Fidanın geniş beynəlxalq əlaqələri, intellekti və strateji yanaşmalarından məharətlə istifadə ediləcək.
Fidanın diplomatiyadakı yüksələn təsiri PKK problemini az qala bütün kürdlərin mübarizəsi kimi qələmə verən qüvvələrə də mesaj sayıla bilər, Ankara ümumiyyətlə növbəti illərdə PKK-nın həm ölkə daxilində, həm də İraq və Suriyadakı fəaliyyətini arxivə göndərməkdə israrlıdır.
Hakan Fidanın kəşfiyyat dəhlizlərindən siyasi səviyyənin açıq mərhələsinə keçidi Türkiyənin Cənubi Qafqazdakı ideallarına da mühüm təsirlər göstərə bilər.
Ankara Fidanın MİT-dəki kəşfiyyat damarlarından da yararlanaraq Türkiyənin Cənubi Qafqazdakı hərbi təşəbbüslərinin aktivliyini artırmağa çalışacaq.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin bazası əsasında ikitərəfli əlaqələrdəki kəşfiyyat-diplomatiya kanalları faktiki olaraq vahid orqanizm kimi fəaliyyət göstərə bilər.
Aqşin Kərimov