• Şb. Noy 23rd, 2024

Soçi sammiti: sülhün bərqərar olacağına inam

ByVuqar Ferzeliyev

Noy 2, 2022

      31 okyabr tarixində baş tutmuş Soçi sammitində Azərbaycanın maraqlarından irəli gələn müsbət qərarlar qəbul olunduğunu deyə bilərik. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş xüsusilə diqqət çəkdi. Görüş çərçivəsində aparılan söhbətlərdə regionumuzda yaranmış vəziyyət dərindən təhlil edildi. Bu, üçtərəfli görüşdən sonra hər üç ölkə rəhbərinin imzaladığı  Bəyanatda da öz ifadəsini tapdı.

       İmzalanmış Bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi sülh danışıqların daha çox ikitərəfli formatına yönəldir. Əvvəldən də məlum olduğu kimi, həmsədr institutu koordinasiyalı şəkildə işləyə bilmir və nəticədə onun fəaliyyəti yalnız formal xarakter daşıyır. Bununla da status məsələsi artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarılıb. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha nümayiş etdirilib. Rusiya Prezidenti Vladimir Putin görüşdə mühüm olan bir sıra məsələlər barədə razılığa gəlindiyini xüsusi vurğuladı.

         Bildiyimiz kimi, delimitasiya məsələsində İşçi Qrup yaradılıb və fəaliyyət göstərir.  Bu faktın özü də onu deməyə əsas verir ki, Ermənistan kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edilir. Ermənistan dəfələrlə delimitasiya və demarkasiyanın əleyhinə olmadığını bildirib amma hansı xəritə ilə aparılması ilə bağlı ciddi fikir ayrılığı var idi. Özümüzdə olan xəritələrlə sərhədlərin delimitasiyasını apararkən Ermənistan bunu ərazilərinə hücum kimi qəbul edərək sərhəddə müəyyən toqquşmalar yaradırdı. Və dünya ictimaiyyətinə Azərbaycanın Ermənistana daxil olması kimi şikayətlər edilirdi. Paşinyan və Ermənistan yeni reallıqları qəbul eləməli, eyni zamanda həmin reallıqlarla barışmalıdır. Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq.   

       Sammitdəki ikitərəfli görüşdə Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Rusiya arasındakı ikitərəfli münasibətlər strateji müstəvidə sürətlə inkişaf edir. Bu münasibətlər çoxlu sahələri ehtiva edir. Dövlət başçısı münaqişənin həllində Rusiya tərəfinin fəaliyyətini yüksək dəyərləndirib. Vurğulayıb ki, görüşün nəticələri regionda sülhün bərqərar olacağına dərin inam yaradır. Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Bu isə o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir, Prezident İlham Əliyevin dediyi kimi, münaqişə artıq tarixdə qalıb. Qəbul olunmuş Bəyanatda ATƏT-in Minsk Qrupunun adı çəkilmir. Bu, artıq Minsk Qrupunun da tarixdə qaldığını göstərir.

       Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması yalnız iki ölkə üçün deyil, bölgə, həmçinin dünya üçün böyük əhəmiyyət kəsb edir. Açılacaq Zəngəzur dəhlizi isə Şərqlə Qərb arasında çox mühüm körpü rolunu oynayacaq, Cənubi Qafqazda sabitliyi daha etibarlı edəcək, regionda isə sülhün hökm sürməsinə vəsilə olacaq.  Bununla yanaşı, Ermənistan rəhbərliyi də sülhün bərqərar olması üçün əməli addımlar atmalı, müharibədən sonra yaranmış yeni reallıqla hesablaşaraq kommunikasiyaların bərpasına şərait yaratmalıdır. 

       Soçi görüşü Qarabağda həllini gözləyən məsələlərin reallaşacağını şərtləndirir.      Azərbaycanın prinsipial və dəyişilməz möveyi Paşinyan üçün başqa çıxış yolu qoymur. Birmənalı şəkildə quru və dəmir yolu nəqliyyat dəhlizlərinin açılması ilə bağlı mövqe onu da göstərir ki, Ermənistan geriyə addım ata bilməyəcək.

Aydın Hüseynov,

Cəlilabad rayonu, siyasi şərhçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir