• Be. Noy 25th, 2024

Sülhlə təxribat arasında – ŞƏRH

ByYenigun.news

Apr 3, 2022

Avropa İttifaqının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü olacaq. Görüşdən qabaq Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün təklif etdiyi 5 prinsipi qəbul etdiyini bildirib.

Məsələ ilə bağlı “Kaspi” qəzeti ekspert rəyi öyrənib.

Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini Bakıda qəbul edərkən Prezident İlham Əliyev Ermənistan tərəfindən müəyyən müsbət mesajlar alındığını açıqlayıb. İndiyə qədər bir neçə belə görüş olduğunu diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülhə doğru addım atılmalı, mümkün olduğu qədər qısa müddətdə sülh sazişi imzalanmalıdır. Prezident bildirib ki, rəsmi Bakı bu razılaşmanın əsas prinsiplərini İrəvana təqdim edib. İlham Əliyev bu görüşün məhsuldar olacağına ümid bəsləsə də, Nikol Paşinyan Brüssel görüşü öncəsi yenə konstruktivlikdən uzaq açıqlamalar verib. Bu hadisələr fonunda Rusiya prezidenti Vladimir Putin martın 31-də Azərbaycan və Ermənistan liderləri ilə telefonla danışıb, Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub. Liderlər söhbət zamanı 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Sadalanan hadisələri və dünyadakı mürəkkəb geosiyasi vəziyyəti nəzərə alsaq, Brüssel görüşündən konkret nəticə gözləmək olarmı?

Politoloq Fikrət Sadıxov Brüssel görüşündən hər hansı nəticə gözləmədiyini bildirib. O qeyd edib ki, Şarl Mişel tərəfindən təşkil olunan bu görüş Avropa ittifaqının mövcud proseslərdə rolunu qabartmaq, təşəbbüsü ələ almaq cəhdidir: “Mən inanmıram ki, Brüsseldəki görüş zamanı bütün məsələlər həllini tapacaq. Amma Azərbaycanı narahat edən məqamlar bir daha ən yüksək səviyyədə müzakirə olunacaq, mövqeyimiz qabarıq şəkildə diqqətə çatdırılacaq. Biz postmünaqişə dövründə Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin bərpa olunmasının tərəfdarıyıq. Bu məqsədlə Ermənistana 5 bənddən ibarət təklifləri təqdim etmişik. Aydın məsələdir ki, o təkliflərdə Ermənistanın maraqlarına zidd heç nə yoxdur. Bununla belə, İrəvandan səslənən müxtəlif fikirlər, bəyanatlar ziddiyyətlidir və təəssüf doğurur. Misal üçün, Ermənistan parlamentinin spikeri Simonyan Azərbaycanın təqdim etdiyi 5 təklifə razılıq verir, başqa rəsmi nümayəndələr isə buna qarşı çıxış edirlər. Görünən budur ki, ortada vahid mövqe yoxdur. Belə bir reallıqda Avropa İttifaqı prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşünün təşkil edilməsi təqdirəlayiq haldır. Müasir dünyada cərəyan edən proseslər, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı təşəbbüskarlığını, rolunu qabartmaq, bununla da bəzi məsələlərin həllində müəyyən axtarışlarda olduğunu nümayiş etdirmək istəyir”.

Politoloq Qabil Hüseynli hesab edir ki, həm Qərbin, həm də Rusiyanın məqsədi Azərbaycanın Qarabağ regionunun dağlıq hissəsindəki separatçıları hansısa formada qorumaq, onların mövqeyini müəyyən mənada dəstəkləməkdir: “Çox çətin bir mərhələyə gəlib çatmışıq. Bununla belə, Azərbaycan Prezidenti belə məsələlərdə geriyə addım atan deyil. O, milli-dövlətçilik maraqlarını, xüsusən də ərazi bütövlüyünü prinsipiallıqla ən yüksək səviyyədə müdafiə edir, qoruyur. 30 ilə yaxın davam edən nəticəsiz danışıqlar zamanı da Azərbaycan Prezidenti eyni qaydada prinsipiallıq nümayiş etdirib, hər hansı güzəştə getməyib, tarixi Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyib. Brüssel görüşünü keçirənlərin özləri dəfələrlə bəyan ediblər ki, postsovet məkanında bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ, Dnestryanı, Donetsk, Krım, Abxaziya və Osetiya problemlərinin əmələ gəlməsinin səbəbləri eynidir. Məhz bu səbəbdən münaqişələrin hamısına eyni yanaşma ortaya qoyulmalıdır. O zaman haqlı sual ortaya çıxır: nə üçün Ukrayna, Gürcüstan, Moldovanın ərazi bütövlüyünə ən yüksək səviyyədə birmənalı dəstək ifadə olunur, problemi, daha doğrusu separatizmi yaradan tərəfə hər hansı güzəşt edilmir, amma Azərbaycana gəldikdə fərqli münasibət sərgilənir? Azərbaycana da eyni yanaşma tətbiq olunmalı, ərazi bütövlüyünə birmənalı dəstək ifadə edilməlidir. Fikrimcə, istər Brüssel görüşündə, istərsə də bundan sonrakı digər görüş və müzakirələrdə Azərbaycan diplomatik yolla bu kimi məsələləri həll etməyə çalışacaq. Əks təqdirdə, 2020-ci ilin 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə ümid qalacaq hərbi yolla məsələni həll etməyə. Yəni Azərbaycan yenə təkbaşına və öz gücünə problemi həll edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir