• Ca. Noy 28th, 2024

Şuşa Bəyannaməsi – Beynəlxalq əməkdaşlıq örnəyi – ŞƏRH

ByYenigun.news

İyn 15, 2022

Azərbaycanla Türkiyənin birliyi Yaxın Şərqin və Qafqazın təhlükəsizliyi, inkişafı, gələcəyi üçün dayaq, təkandır.

Bu birliyə qarşı düşmənlər yüz ildən artıqdır mübarizə aparır. Keçmiş sovet ittifaqında Türkiyə barədə xoş söz deyənlər, yazanlar, Ağrı dağa baxanlar “pantürkist”, “Türkiyə casusu”, “pan-Turanist” damğası ilə gedər-gəlməzə, ən yaxşı halda Sibirə, Qazaxıstan çöllərinə sürgünə göndərilərdi.

Dünyanı bir zamanlar bürümüş Osmanlı və Səfəvi xofu sanki günümüzədək davam edir. Həmin düşmən qüvvələr bir zamanlar bu türk dövlətlərinin bir-birinə yaxınlaşmasına mane olmuşlar. Həmin imperiyaların ərazilərinin az bir hissəsində qurulan Azərbaycan və Türkiyənin birgə fəaliyyətinə onlar yenə mane olmağa səy göstərir. Amma faydasızdır.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da iki dövlətin birgə çıxış etməsinə çoxsaylı maneələr edilib. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı haqlı, ədalətli mövqeyini müdafiə etdiyi üçün Türkiyəyə təzyiqlər olunurdu.

Ona görə iki qardaş dövlətin bir-biri ilə əlaqələrini genişləndirib, münasibətlərini daha dərinləşdirməsi üçün tərəflər ciddi addımlar atırlar.

Düz bir əvvəl – 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanıb. Şuşa Bəyannaməsi iki qardaş dövlət arasındakı əlaqələrin indiki şərait üçün zirvəsidir.

Bu sənəd hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial və idman sahələrini əhatə edir. Bəyannamə Azərbaycanla Türkiyənin istisna olaraq bütün məsələlərdə bir mövqedən çıxış etməsinə hüquqi əsas verib.

Bəyannamədə bu bəndin vurğulanması da təsadüfi deyil: “Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir”.

Türkiyə və Azərbaycan liderləri son aylarda bir sıra strateji obyektlərin açılışını birlikdə həyata keçirməklə Şuşa Bəyannaməsinin prinsiplərini gerçəkləşdiriblər.

2021-ci il oktyabrın 26-da Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq hava limanının, mayın 14-də Rize-Artvin Hava Limanının açılışlarında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Mayın 28-də isə dövlət başçıları Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında qatılmaları həm də məlum bəyannamənin nəticələridir.

Təsadüfi deyil ki, Azərbaycanla Türkiyə hərbçiləri son bir ildə birgə çoxsaylı təlimlər keçiriblər.

Rəsmi Ankara və rəsmi Bakı beynəlxalq məsələlərdə bir mövqedən çıxış etməklə də Şuşada imzalana sənədin vacibliyini təsdiqləyirlər:

“Tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər”.

Son bir ildə keçmiş sovet coğrafiyasında baş verən hadisələr Şuşa Bəyannaməsinin vaxtında imzalandığını göstərir və əhəmiyyətini artırır.

Türkiyə təkcə qardaş və müttəfiq dövlət deyil, o həm də NATO ölkəsi, Avropa İttifaqına üzvlüyə namizəddir. Başqa sözlə, Qərb blokunun vacib üzvüdür. Şuşa Bəyannaməsi həm də bu baxımdan önəmlidir.

Bu sənəd türk dövlətlərinin bir-birinə yaxınlaşması üçün də vacib addımların atılmasını şərtləndirir.

Ukraynada baş verən hadisələr Azərbaycan və Türkiyə müttəfiqliyinin beynəlxalq təhlükəsizliyin təmin olunmasında vacib rollardan birini oynadığını təsdiqlədi. Şuşa Bəyannaməsində tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut şaxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu vurğulanıb.

Bu, iki dövlətin qlobal enerji sektorunda oynadığı mühüm rolun əhəmiyyətinin göstəricisidir.
Bəli, Şuşa Bəyannaməsini imzalanmasından bir il ötür. Dünyada baş verən hadisələr illər ötdükcə bu sənədin əhəmiyyətinin daha da artacağını deməyə əsas verir. Bu, adi regional anlaşma deyil. Şuşa bəyannaməsi regionda və dünyada əməkdaşlığın, birgə yaşayışın, xoşməramlığın, sülhün, ərazi bütövlüyü və suverenliyin, iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin, təhlükəsizliyin və s. vacibliyini bir daha sübut etməklə yanaşı, onun qlobal əhəmiyyətini də göstərdi. Şuşa ərazi bütövlüyünün təmin olunması, regional sabitlik və əməkdaşlıq üçün vacib, önəmli olduğu qədər Şuşa Bəyannaməsi də əhəmiyyətlidir. Bu sənəd başqa üçüncü tərəfə qarşı olmadığı üçün də beynəlxalq hüququn, münasibətlərin, prinsiplərin qorunmasının simvoludur. Şuşa Bəyannaməsi dövlətlərin bir-biri ilə əməkdaşlığı üçün örnəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir