• Şb. Noy 23rd, 2024

Tofiq Musayev: “Kinolarda gördüklərimi müharibədə canlı yaşamışam” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

Sen 29, 2023


“Müharibədə çox çətin vəziyyətlər görmüşəm. Susuz qaldığımız, qarın üstündə yatdığımız anlar olub. Ayaqlarımı don vurmuşdu”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Azərbaycan MMA döyüşçüsü, Vətən müharibəsi iştirakçısı Tofiq Musayev deyib.

Müsahibəni təqdim edirik.

– Vətən müharibəsindən üç il keçir. Öncə özünüzün də pay sahibi olduğunuz bu qələbə barədə fikirlərinizi bildirərdiniz.

– Baxmayaraq ki, şəhidlərimizin qanı, qazilərimizin canı hesabına başa gəlib, bu gün torpaqlarımız azaddır. Başda Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan xalqının iradəsi, Ordumuzun gücü, döyüş taktikası bu müharibədə özünü göstərdi. Bütün dünya 44 gün ərzində Azərbaycanın nəyə qadir olduğunu gördü.

– Dünyanın bir çox məşhur hərbi ekspertləri hələ də Azərbaycan Ordusunun seçdiyi taktikanın mükəmməlliyindən danışırlar.

– Ehtiyatda olan zabit kimi hər şeyi açıq danışa bilmirəm. Onu qeyd edim ki, çox güclü Ordumuz var. Xüsusi Təyinatlı Qüvvələrimizin göstərdiyi şücaət dillərdən düşmür. Həm strateji, həm taktiki-texniki cəhətdən Ordumuz çox güclüdür. Bunun göstəricisi də torpaqlarımızı azad etməyimizdir.

– Cəmi 44 günə. Bu, bəlkə də, tarixdə yeganə belə nümunədir.

– Həqiqətən, 44 gün çox azdır. Başqa müharibələrə baxanda hətta fantastik rəqəmdir. Bu, Azərbaycan Ordusunun gücünün ifadəsidir. Xüsusi təyinatlılarımız, zabitlərimiz, əsgərlərimiz böyük igidlik göstəriblər. Bizim şəhidlərimiz var. Onlar yeraltı sərvətlərimizdir. Daim şəhidlərimizin vaildeynlərinin, uşaqlarının qayğısına qalmalıyıq. Dövlətimiz daim şəhid ailələrinə dəstək olur. Biz də idmanda onları yad etməyə çalışırıq. Bacardığımız qədər yanlarında olmaq istəyirik.

– Özünüz ilk günlərdən müharibədə iştirak etmisiniz. Əvvəldən planınız var idi ki, başlayan kimi gedəcəksiniz?

– Sentyabrın 27-də döyüşlər başladı. Artıq bir gün sonra könüllü olaraq ordu sıralarına qoşulmuşdum. Mən bunu özümə borc bilirdim. Azərbaycan bizim Vətənimizdir. Bu ölkənin çörəyini yeyir, suyunu içirik. İllərlə işğal altında olan torpaqlarımızın həsrəti ilə yaşamışıq. Hər bir vətənsevər kimi mən də bunu özümə borc sayırdım.

– Əslində, bir çox məşhur sima danışanda oxşar sözlərdən istifadə edir, amma döyüşlər zamanı əksəriyyəti ortada görünmürdülər.

– Hərə özünə cavabdehdir. Mən danışmaqdan çox, nəyisə göstərməyi üstün tuturam. Şan-şöhrət heç vaxt məni çaşdırmayıb.

– Hansı ərazilər uğrunda döyüşlərdə iştirak etmisiniz?

– Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsində olmuşam. İlk növbədə şəxsi heyətlə təlimdə olmuşuq. Bilirsiniz ki, təlim keçməyən əsgərlər döyüşə yola salınmırdılar. Oradan müharibə zonasına getmişik. Zəngilan uğrunda döyüşlərdə iştirak etmişəm. Buna görə “Cəsur döyüşçü” medalı almışam. Şükürlər olsun, qayıtmışam və karyeramı davam etdirirəm. Bu zəfər ölkəmizin, millətimizin zəhmətinin nəticəsidir. Fəxr edirəm ki, mən də ön sıralarda olmuşam.

– Dediniz ki, leytenantsınız. Deməli, əsgərləriniz olub.

– Bəli, əsgərlərim var idi. Onların arasında şəhidlər oldu. Allah onlara rəhmət eləsin! Qazilərimiz var. İndinin özündə də hər biri ilə əlaqədəyəm.

– O anları yaşamış biri kimi, müharibənin dəhşətini necə təsvir edə bilərsiniz?

– Çox dəhşətli hadisələr olub. Barələrində danışmaq istəmirəm. Qısaca deyim ki, kinolarda gördüklərimi orada yaşamışam.

– Müharibədə iştirakdan sonra nələri daha dərindən anladınız?

– Başa düşdüm ki, ölüm, həqiqətən, gözlə qaş arasındadır. Hər dəqiqənin, saniyənin qədrini bilməliyik. Kimlərə, nələrə vaxt ayırdığına fikir verməlisən, zamanını səmərəli istifadə etməlisən. Döyüş meydanında ölüm vaxtsız gəlir. Ani bir mərmi düşür və hər şey həll olur. Kimsə şəhid olur, kimsə yaralanır. Bu şeyləri yaşayaraq başa düşmək hər kəsə nəsib olmur. Həyatı tam dərk etməyim üçün döyüş sıralarında olmaq mənə çox faydalı oldu. Orada ölümü tam dərk edirsən.

– Ölüm gözlə qaş arasındadır. Bəs onunla “burun-buruna” gəldiyiniz an oldu?

– Tam yox. O dərəcədə özümüzü qorumağı bacarırdıq. Amma döyüş səhnəsində olmuşam.

– Rinqdə cəsarətiniz bəllidir, döyüşdə qorxu olmurdu?

– Xeyr. Amma çox fərqli hisslərdir. İdmandakı arena ilə oradakı tam başqadır. Burada maksimum zədə alırsan, istəyəndə dayanırsan, orada isə oyunu dayandırmaq şansın olmur.

– Üzləşdiyiniz əsas çətinliklər nələr idi?

– Çox çətin vəziyyətlər görmüşəm. Susuz qaldığımız, qarın üstündə yatdığımız anlar olub. Ayaqlarımı don vurmuşdu. Hətta idmançı karyerama mane ola bilərdi. Şükürlər olsun, müalicədən sonra düzəldi. İdman karyeramda fəsad oldu. Uğursuzluq yaşandı, amma təlim-məşqlərlə uğurlarımın davamını gətirə bildim. Artıq müharibə geridə qalıb. Onları xatırlayıb nəticə çıxarıram. Həyatımda xatirə kimi qaldı. Sabah müharibədən söhbət düşəndə bizim də danışmağa sözümüz olar.

– Azərbaycan Ordusu hərtərəfli təmin olunsa da, xalqımız da müharibə dövründə dəstəyini əsirgəmirdi. İnsanlar yardım etməyə çalışır, əsgərlər üçün döyüş bölgəsinə ehtiyacları yarana biləcək şeylər göndərmək istəyirdilər. Bu, irəli xətdə olanlara necə təsir edirdi?

– Doğrudan da, Azərbaycan Ordusu hər şeylə təmin olunmuşdu. Amma ümumən müharibə dövründə bütün ölkə tam olaraq birləşmişdi. Varlıdan-kasıba hər kəs diqqətini, səyini cəbhəyə yönləndirmişdi. Ürəyi Vətənlə döyünən hər kəs eyni şeyləri hiss edirdi. Müharibədə bütün Azərbaycan xalqının gücü, birliyi göründü.

– Vətən müharibəsindən sonra da ermənilər dayanmır, təxribatlar törədirdilər. Bunun da sonu birgünlük antiterror tədbirləri oldu.

– Bəli. Üç il sonra Azərbaycan Ordusu ermənilərin tör-töküntülərinə gücünü göstərdi. Ümumiyyətlə, biz gözümüzü açandan onlar bizimlə müharibə edirlər. Həmişə də hazırıq. Ölümün eşiyində olsa da, mübarizə aparmağı özümüzə borc biləcəyik.

Daha çox foto burada: PhotoStock.az

Faiq Tahirov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir