Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Bakıya səfərə gəlib. Səfər çərçivəsində iki ölkə arasında 15 sənəd imzalanıb ki, bunlar da Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edəcək.
Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən politoloq Qabil Hüseynli qeyd edib ki, bu müqavilələrin ümumi ruhu Azərbaycanla Qazaxıstan arasında iqtisadi əlaqələri daha möhkəmləndirməkdən ibarətdir:
“İqtisadi münasibətlərin mərkəzində ticarət əlaqələri əsas yer tutur. Lakin iki ölkə arasındakı əlaqələrin ən önəmlisi, strateji xarakter daşıyanı – Qazaxıstan neftinin, gələcəkdə isə Qazaxıstan qazının Azərbaycan üzərindən Avropa bazarlarına nəql edilməsi məsələsidir.
Bu günə qədər ildə 10 milyon ton Qazaxıstan nefti tankerlərlə daşınaraq Azərbaycanın Dübəndi limanında qurğular vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə vurulub, oradan da bu kəmər vasitəsilə dünya bazarına çıxarılıb. Lakin bu çox kiçik bir rəqəmdir. Hazırda Qazaxıstan üzünü Azərbaycana çevirir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulması üçün kifayət qədər imkanlar yaranıb. Qazaxıstanın bütün nefti bu kəmərə yönəldilsə belə, Bakı-Tbilisi-Ceyhan neft kəməri bu nefti nəql etmək potensialına malikdir”.
Ekspert qeyd edib ki, bu gün imzalanan müqavilələrlə Qazaxıstan Xəzərin sahillərinə qədər neft və qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur:
“Bu zaman Trans-Xəzər neft və qaz kəməri layihəsinin gələcəkdə reallaşdırılması gündəmdə olan əsas məsələlərdəndir. Bu strateji məsələnin ən böyük önəmi ondan ibarətdir ki, Azərbaycan tranzit funksiyasını yerinə yetirəcəyi müqavilədən ciddi maddi gəlir əldə edəcək, həmçinin gələcəkdə Trans-Xəzər neft və qaz kəməri layihələri genişlənərsə, buraya Türkmənistan və Özbəkistan qazının da birləşdirilməsi perspektivi ola biləcək hadisələrdəndir”.
Q.Hüseynli vurğulayıb ki, Rusiya neftindən və qazından imtina edən Avropa bazarları Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, eləcə də Türkiyənin timsalında ciddi bir alternativ əldə edə biləcək:
“Özünün neft və digər yanacaq məhsullarına olan ehtiyaclarını artıq lazımi miqdarda ödəyə biləcək. Qazaxıstan prezidentinin ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin yüksək ali mükafatla təltif olunması, qarşılanma mərasimi zamanı iki dövlət başçısı arasında xoş və səmimi münasibət bir daha təsdiq edir ki, türk dövlətləri iqtisadi, siyasi və mədəni inteqrasiya yollarındadır. Bu yolların müxtəlif pillələrini uğurla qət edirlər. Ümumtürk bazarının formalaşdırılmasına doğru inamla addımlayırlar”.
Aysel Aslanqızı