• Bz. Noy 24th, 2024

Türkiyə “PKK səhifəsi”ni birdəfəlik bağlamaq istəyir – ŞƏRH

ByYenigun.news

Mar 26, 2024

Türkiyənin PKK-nın sonunu gətirmək üçün Suriya və İraqda keçirdiyi əməliyyatların nəticələri maraq doğurur.

Ankara ilkin növbədə PKK-nın regionda genişlənməsinə dəstək olan siyasi və hərbi dəstək kanallarını kəsməlidir və buna qismən nail olub.

Məsələn, Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olması Ankaranın PKK ilə mübarizəsində Qərblə sövdələşmə ruhunu gücləndirir.

Bildirək ki, İsveçlə Finlandiyanın NATO-ya üzvlük danışıqları başlayandan bəri Türkiyə Qərbin PKK tərəfdarlığı ilə bağlı fəaliyyətlərdən narahatlıqlarını yenidən bölüşüb. 

Ankara İsveç də daxil olmaqla, böyük və siyasi cəhətdən PKK-nın mühacir icmasına ev sahibliyi edənlərə xəbərdarlıqlar edir. Əsasən də, bu icmanın seqmentlərində PKK-ya üzvlük, vəsait toplama və təbliğatların aparılması kanallarını doğramaq istəyir.

Ankaranın NATO-ya üzvlük müqabilində Qərbdən PKK-nı qidalandıran kanalları qapatmağı zəmanət kimi ala bildiyi görünür.

Ancaq verilən sözlərin necə yerinə yetiriləcəyi şübhəlidir. Buna baxmayaraq, Türkiyənin istər siyasi-diplomatik, istərsə də hərbi və kəşfiyyat fəaliyyətləri terror təşkilatının, onun qollarının yaratdığı şəbəkəyə zərbə vurur.

PKK-nın “finiş xətti”nə çatmasına gəlincə, bu, ən çox Türkiyənin həyata keçirdiyi hərbi və kəşfiyyat əməliyyatlarının Ankaraya verə biləcəyi geostrateji üstünlüklərdən asılıdır.

Ankara bu məsələdə genişmiqyaslı sıçrayışa nail olmaq əzmini açıq ifadə edir və keçirdiyi əməliyyatlarla regionu post-PKK dövrü üçün sürətli keçidə hazırlamaq qətiyyətini göstərir.

Burada Türkiyə müdafiə sənayesində ən müasir silahların, o cümlədən pilotsuz zərbə aparatlarının intensiv və kütləvi istehsalı Ankara üçün unikal imkanlar tanıyır.

Bununla belə, PKK təhlükəsi mürəkkəb və şaxələnmiş problemdir və Ankara onu tarixin arxivinə göndərmək üçün əlavə məsafələr qət etməlidir.

Çətinlik dərəcəsini artıran siyahılardan biri də regionda PKK-ya ideoloji bağlılıqların qalmasıdır.

Üstəgəl, PKK-ya dəstək relsləri sıradan çıxmayıb və Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal gərginliklə əlaqədar terror amili “kozır” kimi saxlanılır.

Ona görə də Ankara PKK-nın yayıldığı bir sıra teatrlarda geosiyasi oyunçularla ziddiyyət təşkil edən məqamlara ortaq məxrəc tapmaq çağırışı ilə də üz-üzədir.

Ankara siyasi, müdafiə və təhlükəsizlik hesablamalarını düzgün aparsa, Türkiyənin PKK-nı məhv etməsi yolunda baryerlər sıradan çıxacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir