• Şb. Noy 30th, 2024

Ukraynalı deputat: “Müharibənin necə bitəcəyini heç kim bilmir”

ByYenigun.news

Fev 14, 2023

2022-ci il fevralın 24-də baş vermiş Rusiyanın Ukraynaya təcavüzünün başlanmasının ildönümü yaxınlaşır.

Bir neçə gün əvvəl Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiya Federasiyası ilə müvəqqəti barışığın olmayacağını bildirib. Mixail Podolyak bəyan edib ki, bu, yalnız Ukraynada müharibənin növbəti mərhələsinə gətirib çıxaracaq.

Volodimir Zelenskinin müşaviri hesab edir ki, edilən istənilən güzəşt kapitulyasiyaya bərabərdir və Ukrayna tərəfi buna heç bir halda imkan verməyəcək.

Ukrayna tərəfinin bu mövqeyindən hansı nəticə hasil olur: Müharibə qələbə qazanılana qədər davam edəcək, yoxsa hansısa mərhələdə danışıqlar masasına oturmaq hələ də mümkündür?

Oxu.Az-a açıqlama verən Ukrayna Ali Radasının “Xalqın qulluqçusu” partiyasından olan deputatı, parlamentin Ukraynanın Avropa İttifaqına inteqrasiyası üzrə komitəsi sədrinin birinci müavini, Ukraynanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Vadim Qalayçuk bildirib ki, danışıqlar, sülh sazişi məsələsinin mürəkkəbliyi ondadır ki, müharibə artıq 9-cu ildir ki, davam edir.

“Bu müharibə axı 2014-cü ildən başlayıb. Vaxtaşırı danışıqlar gedirdi, Minsk razılaşmalarını” xatırlayın. Bu razılaşmalar vasitəsilə münaqişənin həlli üçün hansısa diplomatik varianta nail olmaq üçün uğursuz cəhdlər etdilər. Danışıqlar masasında müzakirə edilən bütün kompromisləri Rusiya zəiflik kimi qəbul etdi. Moskva bunu təslim olmaq siqnalı kimi qiymətləndirdi. 24 fevral 2022-ci ildə gördüyümüz yeni təcavüz dalğasının səbəbi də bu idi.  

Bugünkü günə qədər Ukrayna, həmçinin bizi dəstəkləyən digər dövlətlər Rusiya rəhbərliyinin sülh sazişini müzakirə etmək istəyini görmürlər. Putin təkrarlamaqda davam edir ki, xüsusi hərbi əməliyyatlar vasitəsilə qarşısına qoyduğu məqsədlərə nail olacaq. Guya hər şey “plana uyğun” gedir – plan, əlbəttə ki, “möhtəşəmdir”. Ona görə də bizim danışıqlar üçün hansısa səbəbin olduğuna inanmağımız üçün əsas yoxdur”.

Vadim Qalayçuk Ukrayna prezident ofisinin sabiq müşaviri Aleksey Arestoviçin bir müddət əvvəl verdiyi və səs-küyə səbəb olan açıqlamasına da münasibət bildirib.

Xatırladaq ki, Arestoviç müsahibələrinin birində qeyd etmişdi ki, Ukrayna üçün bu gün müharibəni dayandırmaq, üç ay əvvəl, uğurlu Xerson əməliyyatından sonrakı qədər uğurlu olmaya bilər.

Ukrayna deputat bildirib ki, indi heç kim müharibənin necə bitəcəyini bilmir:

“Onun nəticələrini kiminsə planlarının və ya istəklərinin çərçivəsinə salmaq çətindir. Boksçu Mayk Taysonun belə bir ifadəsi var: “Hər boksçunun çənəsindən zərbə almayana qədər döyüşmək planı var. Bundan sonra isə sadəcə olaraq dava başlayır”.  Bizim cəbhədəki vəziyyətimiz gərgindir, amma düşmən də canlı qüvvəsini və texnikasını itirir. Demək olar ki, müharibənin ilk günündən çağırışlar eşidirik ki, danışıqlar masası arxasına əyləşib hansısa ərazi güzəştləri variantını nəzərdən keçirməliyik. Ancaq ərazi güzəştləri sadəcə olaraq mümkün deyil, bu, Ukrayna Konstitusiyasında çox açıq şəkildə təsbit edilib. Ukraynanın heç bir hissəsi hansısa sülh razılaşmalarının əldə edilməsi üçün sövdələşmə obyektinə çevrilə bilməz. Biz Rusiya Federasiyasına və onun rəhbərliyinə etibar etmirik. Atəşkəslə bağlı bütün bəyanatlar Ukrayna ordusunun əks-hücumunu dayandırmaq cəhdidir. Məqsəd Rusiya ordusunu bərpa edib ardından müharibəni davam etməkdir”.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir