• Şb. Noy 30th, 2024

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat çempionatına yekun vurulub – FOTO

ByYenigun.news

Fev 14, 2023

6-10 fevral 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş komanda və şəxsi birincilik üzrə şahmat çempionatı keçirilib.

İdman-sağlamlıq klubunun və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 22 komandasından 80-ə yaxın əməkdaş iştirak edib. Çempionatın final mərhələsini FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev, FHN-in Akademiyasının rəisi, general-mayor Baba Salayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbər şəxsləri izləyiblər. Çempionatın baş hakimi Fikrət Sideifzadə olub.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji nəzər salaraq vurğulayıblar ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır.

Ümummilli liderin digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirdiyini qeyd edən natiqlər bu istiqamətdə aparılan kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük nailiyyətlərin əsasının qoyulduğunu bildiriblər. Vurğulanıb ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, ölkəmizdə idmanın kütləviliyi tam təmin olunub, bədən tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə edib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib.

Sonra çempionatda uğur qazanmış komandalar və iştirakçılar təltif olunublar. 5 gün davam edən yarışda Fövqəladə Hallar Nazirliyinin Akademiyasının idmançıları bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olublar. Çempionatda ikinci yerə Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, üçüncü yerə isə Dövlət Yanğın Nəzarəti Xidmətinin komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşı Səid Adıgözəlov qazanıb. İkinci yerə Muğan Regional Mərkəzinin əməkdaşı Fərid Vəlili, üçüncü yerə isə Aviasiya dəstəsinin əməkdaşı Hikmət Məmmədov sahib olublar.

Sonda qaliblərə kubok, diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir