Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalının ikinci mərhələsi davam edir.
Festival çərçivəsində ilk mərhələni uğurla başa vurmuş qərb rayonlarından olan bir qrup iştirakçı üçün bu gün Göygöl Milli Parkı ərazisində yay düşərgəsi təşkil olunub.
Düşərgənin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, festival iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi, onların yay tətillərini daha maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.
Düşərgədə uşaqlar üçün gün ərzində maraqlı və əyləncəli oyunlar keçiriləcək, tanınmış incəsənət nümayəndələrinin ustad dərsləri təşkil olunacaq, bölgənin mədəni-tarixi yerlərinə ekskursiya və intellektual yarışlar keçiriləcək.
Xatırladaq ki, üç turdan ibarət, 22 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən ölkənin ən böyük Uşaq İncəsənət Festivalının ikinci mərhələsi avqust ayının sonunadək davam edəcək.
Festivalın final mərhələsi sentyabr ayı ərzində Bakı şəhərində keçiriləcək.
Layihənin əsas məqsədi ümummilli lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.