• Be. Noy 25th, 2024

XİN-də Küveytin Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

ByYenigun.news

Avq 19, 2022

19 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Küveyt Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Abdullah Məhəmməd Almauidi Xarici İşlər Nazirliyində qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, E.Məmmədov səfiri yeni təyinatı münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Küveytin ortaq mədəni və dini köklərlə bağlı olduqlarını diqqətə çatdıran nazir müavini, ölkələrimiz arasında beynəlxalq təsisatlar, o cümlədən İslam Əməkdaşlığı Təşkilatı (İƏT), BMT və Qoşulmama Hərəkatı (QH) çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu bildirib.

Nazir müavini ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli səfərlərin, eləcə də parlamentlərarası əlaqələrin məxsusi rolunu vurğulayıb. O, iqtisadi sahədə əməkdaşlığa toxunaraq, son dövrlər iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müşahidə olunan artımın sevindirici hal olduğunu bildirib, bu istiqamətdə münasibətlərin inkişafı üçün Hökumətlərarası Birgə Komissiyanın əlverişli mexanizm olduğunu diqqətə çatdırıb.

Nazir müavini, həmçinin Vətən müharibəsi və ərazilərimizin işğaldan azad olunması barədə həmsöhbətini məlumatlandıraraq, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə danışıb.

Öz növbəsində, səfir A. Almauid qəbula görə təşəkkürünü bildirib. O, dost və qardaş Azərbaycan ilə münasibətlərin bütün sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, ticarət və turizm sahələrində inkişafında maraqlı olduqlarını qeyd edərək, fəaliyyət dövrü ərzində ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Görüşün sonunda səfir Abdullah Məhəmməd Almauid etimadnaməsinin surətini xarici işlər nazirin müavini Elnur Məmmədova təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir