• Şb. Noy 23rd, 2024

AZƏRBAYCAN ÖZ ÜZƏRİNƏ GÖTÜRDÜYÜ HUMANİTAR MİSSİYASINI UĞURLA İCRA EDİR

Byadmin

Okt 17, 2021

Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev videoformatda çıxış edən dərin mənalı fikirlər söyləyib. Başlıca məsələlərdən biri budur ki, Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır. Dövlət başçısının sözlərinə görə, dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxtərəfli diplomatik fəaliyyət sərgiləməsi xüsusi diqqət çəkir. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. Bunlardan biri Pandemiyaya qarşı mübarizə ilə bağlıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev videoformatda keçirilən tədbirdə bəyan etmişdir ki, dövlətimiz koronavirus pandemiyasına qarşı sistemli şəkildə mübarizə aparmaqla üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir.
Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır.
Prezident İlham Əliyevin Zirvə Toplantısındakı 150-dən artıq ölkənin dəstəyini alan təklifinə əsasən, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi Sessiyası təşkil olunmuşdur. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün biz Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir. Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməkdədir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.
Prezident öz çıxışında bildirib ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması hər şeydən öndədir. Biz vətəndaşlar bunu hər gün, hər saat aydın görürük. Ümid edirik ki, Ölkəmizin vətəndaşları möhkəm əmindirlər ki, dövlətimizin gördüyü tədbirlər nəticəsində bu gözəgörünməz bəlaya qalib gələcəyik.
Cahangir Muradov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir