• Şb. Dek 6th, 2025

İqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur və onun səviyyəsinin daha da artmasına kömək edir.

ByVuqar Ferzeliyev

Noy 18, 2025

   Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və bu şirkətlər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələri də daxil olmaqla iqtisadiyyatın müxtəlif istiqamətlərində uğurla fəaliyyət göstərirlər.

   Azərbaycanla Özbəkistan arasında ticarət əlaqələri sürətlə inkişaf edir. 2024-cü ildə iki ölkə arasındakı əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar–sentyabr aylarında isə bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına yüksəlib. Bu dinamika həm iqtisadi əlaqələrin genişlənməsinin, həm də qarşılıqlı ticarət potensialının səmərəli şəkildə reallaşdırılmasının göstəricisidir.

   Sərmayə qoyuluşu sahəsində əməkdaşlıq da ardıcıl olaraq möhkəmlənir. İndiyədək Özbəkistan tərəfindən Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ dolları, Azərbaycan tərəfindən isə Özbəkistan iqtisadiyyatına 183,5 milyon ABŞ dolları məbləğində sərmayə yatırılıb. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə birgə sərmayə qoyuluşunu nəzərdə tutan, ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması bu sahədə əməkdaşlığın strateji səviyyədə inkişaf etdiyini təsdiqləyir.

   Yüngül sənayenin inkişafı baxımından yeni imkanlar açan və ənənəvi dostluq-qardaşlıq münasibətlərini daha da möhkəmləndirən birgə müəssisələr arasında Xankəndidə fəaliyyətə başlayan tikiş fabriki xüsusilə diqqətəlayiqdir. Bu təşəbbüs həm bölgədə iqtisadi canlanmanı təşviq edir, həm də Azərbaycan–Özbəkistan tərəfdaşlığının praktiki nəticələrini nümayiş etdirir.

   Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu komissiyanın işi əlaqələrin koordinasiyalı şəkildə inkişafına mühüm töhfə verir. Mütəmadi keçirilən Azərbaycan–Özbəkistan Regional Forumu isə biznes dairələri, dövlət qurumları və investorlar arasında əməkdaşlığın təşviqi üçün səmərəli platforma kimi çıxış edir.

Telman Ağayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru