• Ca. May 21st, 2026

Bu il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir

ByVuqar Ferzeliyev

May 21, 2026

     Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır. Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır.                                                                                                          

    Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir.

    UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır. Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda və memarlıq tərzində artıq XIX əsrin ortalarına doğru müəyyən dəyişikliklər öz əksini tapmışdır. Sürətlə sənayeləşən Bakı şəhəri Şərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyin vəhdətindəki təkrarsız görkəmini məhz həmin vaxtlardan almağa başlamışdır.

     Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur.   Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə vermişdir. Ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradılmışdır. Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil almışdır.

Muradov Sərhəd

Saatlı şəhər Bülbül adına UMM-nin tar müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir