Azərbaycanın iqtisadi inkişafında əlverişli investisiya mühitinin formalaşdırılması mühüm rol oynamışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi və iqtisadi sabitliyin təmin edilməsi xarici və yerli investorların ölkə iqtisadiyyatına marağını artırmışdır. Xüsusilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında yeni mərhələnin əsasını qoymuşdur.
Ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və investisiyaların qorunması istiqamətində atılan addımlar investisiya mühitinin daha da yaxşılaşmasına şərait yaratmışdır. Nəticədə müxtəlif sahələrə iri həcmdə xarici sərmayələr cəlb edilmiş, yeni müəssisələr yaradılmış və minlərlə iş yeri açılmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir. Qeyri-neft sektorunun inkişafı, sənaye parklarının və aqroparkların yaradılması, nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi ölkənin investisiya cəlbediciliyini daha da artırmışdır. Azərbaycan bu gün regionun ən əlverişli investisiya məkanlarından biri kimi tanınır və investorlar üçün etibarlı tərəfdaş hesab olunur.
Beləliklə, ölkədə yaradılmış əlverişli investisiya mühiti iqtisadi inkişafın sürətlənməsinə, əhalinin rifahının yüksəlməsinə və Azərbaycanın beynəlxalq iqtisadi mövqelərinin möhkəmlənməsinə mühüm töhfə vermişdir.
Saatlı rayon Mərkəzi Kitabxananın əməkdaşı
Ruhiyyə Baxşıyeva
