• C. Apr 26th, 2024

Vətən müharibəsinin ilk böyük qələbəsi

ByVuqar Ferzeliyev

Okt 4, 2022

       Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Ötən ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.  Döyüşlərin ilk günündə Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub.

       Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olub. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.Cəbrayılın azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinə başladı və xalqın birliyindən güc alan qəhrəman ordumuz 44 gün ərzində işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etmişdir.

       Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı, Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik və bir daha demək istəyirəm, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu.

        Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.  

      Cəbrayılın azad olunması bizim üçün çox böyük mənəvi-psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə idi. Həmin ərazi strateji cəhətdən çox əhəmiyyətli idi. Ordumuzun cənub istiqamətində əməliyyat aparması düşmən üçün gözlənilməz oldu. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir.  Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Mircəfər Sultanov,

Cəlilabad şəhər 5 saylı ümumi orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir