• Be. May 6th, 2024

Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq – ŞƏRH + FOTO

ByYenigun.news

Apr 26, 2024




Avropa Parlamenti (AP) Azərbaycana qarşı daha bir sənəd qəbul etməklə qərəzli olduğunu növbəti dəfə ortaya qoydu, özünü ifşa etdi. Avropanın qanunverici orqanı aprelin 25-də çıxardığı qətnamədə tərəfdaşlarını Azərbaycanla energetika sahəsində əməkdaşlığı dayandırmağa, rəsmi Bakı ilə yeni müqavilələri imzalamamağa çağırıb.

İnsan hüquqlarının qorunması demokratiyanın vacib prinsiplərindəndir. Ancaq ondan başqa dövlətlərə qarşı alət kimi sui-istifadə cəhdləri demokratik dəyərlərə hörmətsizlikdir.

Vaxtı ilə Ermənistanda da oxşar çağırışlar səsləndirilirdi. Lakin aprelin 25-də bu ölkə parlamentinin sədri Alen Simonyan İrəvanın Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazır olduğunu bildirib: “Düşünürəm ki, Ermənistan Azərbaycandan təbii qaz alarsa, bu, müsbət hal olar. Bu məsələni müzakirə etməliyik”.

Avropa Parlamentindəki qərəzli çağırışı Fransa Prezidenti Emmanuel Makronun ötən aylarda Azərbaycandan mavi yanacağın Avropaya nəqlinə qarşı çıxışının davamı kimi də dəyərləndirmək olar.

Amma reallıq heç də avroparlamentarilərin düşündüyü kimi deyil. Aİ-yə üzv dövlətlər və potensial üzvlər Bakı ilə iqtisadi əməkdaşlığı davam etdirib, genişləndirirlər. Məsələn, Albaniya 2026-cı ildə Azərbaycan təbii qazından öz ehtiyaclarını ödəmək üçün istifadə etməyi planlaşdırır.

Məlumata görə, Trans-Adriatik Boru Kəməri (TAP) kimi mövcud infrastruktur vasitəsilə Albaniya enerji mənbələrini şaxələndirir və hidroenergetikadan asılılığını azaldır. TAP-ın Albaniyada əsas rolu Azərbaycan qazının Avropa bazarlarına, o cümlədən İtaliyaya tranzitinə dəstək olmaqdır.

Azərbaycan təbii qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir. Bu, Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetrə qədər genişləndirilməsinin birinci mərhələsinin dövrünə təsadüf edəcək ki, bunun da 1 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub.

Bununla da Albaniya İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Gürcüstan, Türkiyə, Macarıstan və Serbiyadan sonra Azərbaycandan təbii qaz tədarük edən doqquzuncu ölkə olacaq. Onların siyahısının artacağı da istisna olunmur. Çünki Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniya da Azərbaycanla bu istiqamətdə əməkdaşlıq etmək istədiklərini açıqlayıblar.

Yeri gəlmişkən, Azərbaycan 2021-ci ildə Avropaya 8 milyard kubmetr, 2023-cü ildə isə 11,8 milyard kubmetr, ümumilikdə, ötən il ərzində 23,8 milyard kubmetr qaz ixrac edib.

Azərbaycanla Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünün 20 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Ölkənin “Babək”, “Abşeron”, “Ümid” və “Qarabağ” kimi daha bir neçə perspektivli qaz yataqları mövcuddur.

Göründüyü kimi, Azərbaycan Avropanın energetika təhlükəsizliyi və təchizatının təminində rol oynayır.

Bu qətnamə qəbul edilərkən Azərbaycan əleyhinə çıxış edənlər də dəyişməyiblər. Çexiyalı deputat Market Qreqorova, yaxud bu ölkənin başqa bir nümayəndəsi Mixael Şoydrova ənənəvi amplualarından əl çəkməyiblər. M.Şoydrova 2017-ci ilin mayında Azərbaycan və Türkiyədə KİV-in mövcud vəziyyəti ilə bağlı çıxışında qeyri-obyektivliyi ilə yadda qalmışdı.

Avropa Parlamenti bu il martın 13-də qəbul etdiyi qətnamə ilə də qərəzli olduğunu gizlədə bilməmişdi. Qurumda “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” mövzusu müzakirə olunub. Avropa demokratiyasının tərənnümçüsü sayılan parlamentin qətnaməsində Azərbaycan ərazi bütövlüyü və suverenliyinə qarşı çağırışlar yer alıb. Təəssüf ki, parlamentarilər ittifaq ərazisində insan hüquqlarının pozulması sahəsində çoxsaylı problemləri nadir hallarda müzakirə edirlər. Ancaq son altı ayda Avropa Parlamenti Azərbaycanla bağlı üç dəfə qətnamə qəbul edib. AP bəhs etdiyimiz iki sənəddən əvvəl, ötən il oktyabrın 4-də Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamə çıxarıb.

Xarici İşlər Nazirliyi Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırıb. Rəsmi Bakı bəyan edib ki, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil: “Bundan əlavə, Azərbaycana qarşı sanksiya çağırışları yalnız Azərbaycan və Avropa İttifaqı arasında münasibətləri mürəkkəbləşdirir”.

Ərazi bütövlüyü və suverenliyini təmin etdikdən sonra Avropa Parlamentində Azərbaycana qarşı hücum, qərəzli mövqeyin sərgilənməsi təəssüf və təəccüb doğurur. Belə qənaətə gəlmək olar ki, onlar Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalmasını müdafiə edirmişlər. Rəsmi Bakının torpaqlarını azad etməsi isə onları qıcıqlandırıb. Bu deputatlar saxta, qərəzli çıxışları və adi seçicilərinin reallıqdan xəbərsizliyindən sui-istifadə edərək bu addımları atır.

Heç şübhəsiz, bu sayaq çıxış, çağırış və sənədlərin qəbulu Cənubi Qafqazda Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasına da ziyan vurur, tərəflər arasında etimad mühitinin yaranmasına xələl gətirir. Parlamentin qəbul etdiyi qərar və çağırışların icrası məcburi deyil. Avropa Parlamentinin belə davranışı, çıxışları müstəqilliyini, ərazi bütövlüyü və suverenliyini qoruyan dövlətlərə qarşı siyasi dəyənək kimi istifadə edilir.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir