“Səhnədçi” İdman Olimpiya Mərkəzinin idman bölməsinin rəisi, DSX-nın polkovnik- leytenantı, əməkdar məşqçi, “Dünyanın ən yaxşı məşqçisi” seçilmiş Firdovsi Umudov həm zabit kimi fəaliyyətinə, həm də idman mütəxəssisi kimi xidmətlərinə görə, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə “The Best Of Azerbaijan” diplomu ilə təltif olunub.
“Qafqazinfo” xəbər verir ki, təltif zamanı çıxış edən F.Umudov bütün mükafatçıları təbrik edib və qeyd edib ki, özü və eyni zamanda yetirmələri beynəlxalq arenada, avropa, dünya çempionatlarında və Olimpiya Oyunlarında qələbələr qazanıblar, lakin bu uğulara imza atan zaman ərazilərimiz işğal altında olub:
“Hazırda isə biz bu mükafatları qalib ölkənin, qalib xalqın, qalib ordu və müzəffər Ali Baş Komandanın əsgəri kimi alırıq. Bu, qürurvericidir. Müzəffər ordumuzun və Ali Baş Komandanımızın böyük şücayəti nəticəsində qamətimiz düzəldi. Ordu və xalq Ali Baş Komandanın “Dəmir Yumruğu” ətrafında birləşib, düşmənə ağır zərbələr endirdik. Bununla da ərazi bütövlüyümüzü təmin etdik. Biz indi zəfər qazanmış ölkənin vədəndaşları, əsgər və zabitləriyik. Bu qələbəyə gedən yolda şəhidlər verdik. Qanlar töküldü, canlar verildi, canlar alındı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid ailələrinin qarşısında baş əyirik. Qazilərimizə allahdan şəfa diləyirik. Bütün şəhid və qazilərimizin qəlbimizdə böyük yeri var. Biz artıq bu gün müstəqilliyimizin bərpasının otuz illiyini qeyd edəcəyik. Biz xoşbəxt xalqıq. Xoşbəxtik ki bu cür hərbi və diplomatik gücə, qüdrətə malikik. Biz zəfər qazanmış ölkənin qalib vətəndaş kimi, müstəqilliyimizin bərpasını qeyd edirik”.
Sonda F.Umudov tədbirin təşkilat komitəsinə təşəkkürlərini izhar edib: “Çox sağ olun bu mükafatı mənə layiq gördüyünüz üçün. Hər birinizə minnətdaram. Ölkəmizin bütün tanınmış simaları buradadır. 44 günlük Vətən müharibəsində iştirak edən, ölkəmizin, dövlətimizin, Ali Baş Komandanımızın yanında olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Baxın, möhtərəm cənab Prezidentimiz və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva işğaldan azad olunmuş torpaqlarımızda tez-tez səfərdə olurlar. Bu bizi çox sevindirir. Çünki Qarabağa, illərdir, düşmən tapdağında qalıb və 30 il sonra öz azadlığına qovuşan torpaqlarımıza yeni nəfəs verilir. Bu gün Qarabağın yenidən canlanması, dirçəldilməsi istiqamətində ciddi işlər görülür və görülən hər bir iş ortadadır. Azad olunan doğma torpaqlarımızda müstəqil Azərbaycanımızın üçrəngli şanlı bayrağının dalğalanmasına şahidlik etmək olduqca müqəddəs hissdir. Qoy, hər zaman bayrağımız dalğalansın! Xalqımızın və torpaqlarımızın başının üstünü bir də qara buludlar almasın. Var olsun Ali Baş Komandanımız, yaşasın müstəqil Azərbaycanımız”.