• Ç. Noy 27th, 2024

MÜSTƏQİL AZƏRBAYCANDA H.Z.TAĞIYEV ƏNƏNƏLƏRİ DAVAM ETDİRİLİR

ByVuqar Ferzeliyev

Yan 21, 2022

Çox kasıb ailədə böyüyən və sərvətini öz zəhməti hesabına qazanan Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı.
1823-cü il sentyabrın 25-də Bakıda başmaqçı ailəsində Zeynalabdin adında bir oğlan dünyaya gəldi. İllər keçdi və Zeynalabdin nüfuzlu neft maqnatlarından və mesenatlardan biri kimi adını Azərbaycan tarixinə yazdırdı. Zeynalabdin Tağıyev 10 yaşından işləməyə başlayıb. Əvvəlcə bənna şagirdi, 15 yaşında bənna, daha sonra podratçı işləyib. O vaxtlar Bakıda neft bumu hökm sürürdü. Zeynalabdin iki şəriki ilə birlikdə Bibiheybətdə torpaq icarəyə götürür. Nə qədər quyu qazsalar da, neft çıxmır ki çıxmır. Şərikləri öz paylarını satırlar və Zeynalabdin torpağın tək sahibinə çevrilir. O, qibtəediləcək inadkarlıqla qazma işlərinə davam edir. Nəhayət quyu fontan vurur. Kasıb başmaqçı Tağının oğlu palçıq daşıyan Zeynalabdin bir anda milyonçu Tağıyevə çevrilir. O, neftin distillə üsulu ilə çıxarılması ilə məşğul olan ilk azərbaycanlılardan biri idi. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan möhtəşəm olacaq “Г. З. А. Тагиев” şirkəti yaradır. Həmin zamanlarda kerosinə böyük tələbat var idi. İki il sonra o, neft hasilatına yeni sərmayə qoyur və buruq üsulu ilə ilk neft quşunu qazdırır. 1886-ci ildə o, şərikləri ilə birlikdə neft hasilatı və emalı firmasının əsasını qoyur, 1897-ci ildə isə öz şirkətini yaradır.
Lakin birdən-birə milyonlar səltənətinə düşməsi onun başını gicəlləndirmir. Deyilənə görə, Hacı puluna güvənib yolundan azmamaq üçün bənnalıq etdiyi baltanı imarətinin ən görməli yerindən asır ki, hər dəfə kasıb günlərini ona xatırlatsın. O, gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf edir, istedadlı gəncləri xaricdə təhsil almağa göndərir, artistlərə sponsorluq edir. Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açması onu zəmanəsinin ən mütərəqqi insanları ilə bir cərgəyə qoyur. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. O, Mərdəkanda bağçılıq məktəbi açmış, Bakıda teatr binası tikdirmiş, dəmir yolunun, su xəttinin çəkilməsi, yanğından mühafizə xidmətinin yaradılmasında böyük işlər görmüşdür, kitablar nəşr etdirmişdir. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir.
Zeynalabdin Tağıyev Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirmişdir. İlk dəfə olaraq Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirən məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilmiş və təmir olunmuşdur. Bu gün isə Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlarını uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir.
Eyvaz Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir