• C. Noy 22nd, 2024

AĞDAMDA MÖCÜZƏLƏR YARADILACAQ

ByVuqar Ferzeliyev

Fev 16, 2022

Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Rəşadətli Ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.
Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Həmişə olduğu kimi Prezidentin bu səfəri də bir sıra açılışlarla yadda qaldı. Prezident Ağdama bu səfərində şəhərsalma prinsiplərinin müasir konsepsiyasına uyğun yeni, ən müasir Ağdamın qurulacağını bəyan etdi və modern şəhərin təməlini qoydu. Bu, təkcə ağdamlılara yox, bütün dünya azərbaycanlılarına böyük qürur, fəxarət hissi yaşatdı. Bu hadisə işğaldan azad edilmiş torpaqlarımızda tezliklə ən müasir şəhər və kəndlərin salınacağını, dünyaya tamamilə yeni tipli yaşayış məntəqələri modellərinin təqdim olunacağını deməyə bir daha əsas verdi.
Ölkə rəhbəri bir daha qeyd etdi ki, nəinki Ağdamda, azad edilmiş rayonlarda bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi praktiki işlərin görülməsi başlanacaqdır. Ağdamda start verilən layihələr şəhərin və bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Ağdam Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən biri olacaq.
Bu dəfəki səfər Qarabağa sahiblənməyin növbəti nümayişi idi. Bu, qalibiyyətin, əzmin, cəsarətin növbəti təntənəsi və təcəssümü idi. Müzəffər Ali Baş Komandanın səfər zamanı çıxışında bir daha bəyan etdiyi kimi, biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq.
Və azad edilmiş torpaqlarda bu gün artıq böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Deməli, heç bir qüvvə, heç bir güc bizi artıq Qarabağdan ayıra bilməz. Bu, mümkün deyil və prezidentin bəyan etdiyi kimi, mümkün də olmayacaq. Düşmən də, onun havadarları da bunu qulaqlarında sırğa etməlidirlər.

Meyxoş Abdullah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir