• Şb. Apr 27th, 2024

Qaradağ GES-in təməlinin qoyulması önəmli hadisədir

ByVuqar Ferzeliyev

Mar 17, 2022

Martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimi zamanı Prezident İlham Əliyev deyib ki, Azərbaycanın sənaye və iqtisadiyyatı durmadan inkişaf edir. Bu ilin iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artmışdır. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır;
Elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. 10 min kvadratkilometrdən çox olan azad edilmiş torpaqların bərpası ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir.
Bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Martın 15-də 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyuldu. Prezident İlham Əliyev bu təməlqoyma mərasimində vurğulayıb ki, bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır: “Mən buna əminəm, biz artıq bu işin təzahürlərini görürük. Onu da nəzərə almalıyıq ki, qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Biz elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik – təbii qaz, su, günəş və külək. Bir daha demək istəyirəm ki, Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar”.
Prezidentimiz deyib ki, qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Müasir infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.

Firdovsi Qasımov, Cəlilabad rayon elektrik şəbəkəsinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir