“Cənubi Qafqaz regionunda təhlükəsizlik mühiti hələ də həssas olaraq qalır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu ATƏT sədri, Polşanın XİN rəhbəri Zbiqnev Rau azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ATƏT Azərbaycan ilə müxtəlif səviyyələrdə əməkdaşlığın artırılması imkanlarını nəzərdən keçirir.
“Biz ATƏT-ə etimadın artırılmasına və postmünaqişə dövründə fəaliyyətə çox böyük önəm veririk. Təcavüz faktı ATƏT-in özünün mövcudluğu üçün təhlükədir”, – deyə o əlavə edib.
Nazir deyib ki, ATƏT Azərbaycan və Ermənistan arasında dialoqa, iki ölkə arasında dayanıqlı sülh sazişinin imzalanması işinə töhfə verə bilər.
“Mən buradan İrəvana gedəcəyəm, orada çağırış edəcəyəm ki, onlar ehtiyatlı davransınlar və diplomatik həll yoluna üstünlük versinlər. Ümid edirik ki, itkinlərin taleyinin müəyyən edilməsinə, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə töhfə verməyə hazırdır”, – deyə Zbiqnev Rau bildirib.