“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.
Yenigun.news xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin aprelin 2-nə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.
“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs bütün təmas xəttində müşahidə olunur”, – deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, bu gün rus sülhməramlıları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib: “Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, biri Şuşa – Qırmızı Bazar – Qacar marşrutu boyunca, digəri isə əks istiqamətdə”.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Rusiya Humanitar Missiyası ilə birlikdə humanitar aksiya çərçivəsində Xankəndi sakinlərinə zəruri əşyalar, tibbi dəstlər, qida vasitələri təhvil verilib:
“Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər.
Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 2 hektar ərazi, 1 km yol təmizləndi, 5 partlayıcı maddə tapıldı. Ümumilikdə, 23 Noyabr 2020-ci il tarixindən etibarən 1875 hektar ərazi, 576 km yol, 1658 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 384 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.