Mayın 14-də İstanbulda Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısı işinə başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə baş tutan tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Toplantı nümayəndə heyətləri arasında media üçün qapalı şəraitdə keçirilən görüşlərlə başlayıb.
Sonra tədbirin rəsmi hissəsi keçiriləcək.
TDT-yə üzv dövlətlər – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və Türkmənistanın dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığı möhkəmləndirməkdir.
Proqram çərçivəsində “Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü: serialı-film sektoru”, “Türk dünyasının rəqəmsal gələcəyi: Metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panel iclaslarının keçirilməsi nəzərdə tutulur.
Proqrama rəsmi nümayəndə heyətləri ilə yanaşı, türk dünyasından media və kommunikasiya qurumlarının rəhbərləri, ekspertlər, sənətçilər, sosial media fenomenləri, alimlər və iştirakçı ölkələrin müxtəlif təhsil müəssisələrinin kommunikasiya fakültələrinin tələbələri qatılıblar.
Tədbir bədii hissə ilə başa çatacaq.