• Ç. Noy 27th, 2024

“Altılıq” formatında növbəti iclas ən çox Rusiyaya lazımdır” – Tofiq Zülfüqarovdan “3+3” ŞƏRHİ

ByYenigun.news

May 18, 2022

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında “3+3” formatında növbəti iclasın iyunun sonuna kimi keçirilməsinin planlaşdırıldığını açıqlayıb. XİN rəsmisinin sözlərinə görə, bu məqsədlə hazırlıqlar davam etdirilir.

Xatırladaq ki, “3+3” platformasına üzv ölkələrin ilk iclası ötən ilin dekabrında Moskvada baş tutub. Lakin bu ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması ilə birlikdə yeni formatın bir qədər geri plana düşdüyü qeyd olunur.

Lakin Rusiya tərəfindən yenidən “altılıq” formatının gündəmə gətirilməsi cəhdləri də diqqət çəkir.

Mövzuyla bağlı Bizim.Media ilə fikirlərini bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, hal-hazırda bu formatda iclasın keçirilməsi ən çox elə Rusiyanın özünə lazımdır:

“Təbii ki, bizim də, Türkiyənin və digər iştirakçıların da bu görüşün keçirilməsində maraqları var. Lakin növbəti iclasın təşkilində Rusiya daha maraqlı görünür. Yumşaq ifadə etsək, Rusiya hal-hazırda beynəlxalq izolyasiya vəziyyətindədir. Beynəlxalq əks-səda doğuran hansısa tədbirləri təşkil etmək və orada iştirak etmək Rusiya rəhbərliyinə siyasi imic üçün çox lazımdır”.

Müsahibimiz digər üzv ölkələrin iclasa hansı səviyyədə maraq göstərəcəkləri ilə bağlı da fikirlərini bölüşüb:

“Ola bilsin ki, görüş baş tutacaq. Çünki Gürcüstan istisna olmaqla, “3+3”ə daxil olan ölkələr Rusiya-Qərb qarşıdurmasında balanslaşdırılmış siyasət yürüdən və neytral mövqedə olan ölkələrdir. Ona görə də hesab edirəm ki, nəzərdə tutulan iclasda Azərbaycan öz maraqlarını təmin etmək üçün cəhdlər edəcək. İlk növbədə Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı addımlar atıla bilər”.

Tofiq Zülfüqarov indiki gərgin geosiyasi vəziyyətdə “altılıq” formatının regional proseslərə təsir imkanını da dəyərləndirib:

“Ən azından, məsələləri gündəmə gətirmək məqsədi var. İkincisi, Rusiyaya qarşı sanksiyaların tam gücünü və təsirlərini göstərməsi üçün müəyyən vaxt lazımdır. Bundan sonra Rusiyanın əsas ticarət dövriyyəsi Çindən sonra, Şimal-Cənub dəhlizi vasitəsilə baş tutacaq. Yəni ticarətin Rusiyadan İran, Fars körfəzi ölkələri və Hindistana istiqamətlənməsi istisna olunmur. Bu baxımdan, Zəngəzur layihəsi, Azərbaycan-İran dəmiryolunun bərpası aktuallaşacaq. Eyni zamanda bu istiqamət üzrə böyük tranzit imkanlarının olduğunu da söyləməliyik”.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin yaradılması, onun qorunub-saxlanması və çoxtərəfli əməkdaşlıq əsasında iqtisadi inkişafa nail olunması üçün yeni unikal “3+3” əməkdaşlıq platforması təklif ediblər. Ötən ilin dekabrında isə Moskvada “altılıq” formatında ilk iclas keçirilib. Tərəflərdən yalnız Gürcüstan “3+3” ilk toplantısında iştirak etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir