Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 18-də ölkəmizdə səfərdə olan Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoqun mövcud olduğu bildirilib, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit və digər istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Dövlət başçıları səviyyəsində şəxsi münasibətlərin Azərbaycan-Belarus əlaqələrinin inkişafında mühüm amil kimi dəyərləndirilib.
Koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, 2021-ci ildə Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin artdığı bildirilib.
Müvəffəqiyyətlə həyata keçirilən müştərək sənaye layihələrinin əhəmiyyəti vurğulanıb.
Qeyd edildi ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaxşı dinamikaya malikdir. Bakıda keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti vurğulanaraq Belarusun Baş nazirinin sərgi ilə şəxsən tanış olması yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin iqtisadi, ticari, sənaye, enerji, kənd təsərrüfatı, sərmayə qoyuluşu, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Görüşün sonunda baş nazirlərin iştirakı ilə Azərbaycan-Belarus sənədləri imzalanıb.