Xəzər dənizi region ölkələri arasında ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatla¬rının mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli, habelə ekoloji təmiz texnologiyala¬rın cəlb olunması baxımından mühüm önəm daşıyır. Təbiidir ki, Region ölkələri tərəfindən Xəzərin təhlükəsizlik və əməkdaşlıq dənizinə çevrilməsinə böyük maraq göstərilir. Azərbaycan ötən illər ərzində Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı dərin məzmunlu çıxışında bildirib: "Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir".
Xəzər Sammiti çərçivəsində keçirilən görüşlər həm dünya iqtisadiyyatının, həm də regional iqtisadiyyatın inkişafı üçün çox vacibdir. Bizim iqtisadi əməkdaşlığımız gücləndikcə, iqtisadi münasibətlərimiz daha da yaxşılaşdıqca ticarət münasibətləri artacaq ki, bu da ərzaq təhlükəsizliyinə töhfə verəcək. Xəzər dənizi üzərindən məhsulların daşınması ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin aşağı düşməsinə təsir edəcək. Xəzərin sülh, mehriban qonşuluq və dostluq zo¬nasına çevrilməsi regionun xalqları üçün firavan gələcəyin reallaşması deməkdir və bu gün biz dövlətimizin, onun başçısının bu sahədəki uğurlarını alqışlayırıq.
Eyvaz Məmmədov, ADPU Cəlilabad filialının müəllimi