• Şb. Noy 23rd, 2024

Elmlə təhsilin birləşməsindən nə gözləyək? – ŞƏRH

ByYenigun.news

İyl 29, 2022

Ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana görə, Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılıb. Bununla da, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər nazirliyə həvalə edilib.

Təhsil eksperti Nadir İsrafilov Oxu.Az-a açıqlamasında bildirib ki, belə bir addımın atılması gözlənilən idi:

“Neçə illərdən bəri “təhsilsiz elm, elmsiz təhsil ola bilməz” deyirdik, ancaq bu ideyanın reallaşdırılması istiqamətində konkret addımlar atılmırdı. Bu müddəa bəziləri tərəfindən birmənalı şəkildə qəbul edilirdi. Amma bir çoxları onun reallaşmaması, inkişafın kompleks aparılmaması, elmin təhsilə verdiyi töhfənin hələ ki lazımi nəticə verməməsi, bu məqsədlərə ayrılan vəsaitin kifayət etməməsi və yaxud əksinə, elmə ayrılan vəsaitlərin səmərəli istifadə olunmamasından hər hansı bir nəticənin əldə edilməməsi qənaətində idilər.

Elmin inkişafına ayrılan vəsaitin xərclənməsi üçün konsepsiyanın olmadığını vurğulayanlar da var idi. Bu gün dünya iqtisadiyyatı elmi biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadi tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə, qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur.

Bütün inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması, elmlə təhsilin sintezi istiqamətində sistemli şəkildə bir neçə mərhələdə islahatlar aparılır. İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir. Digər tərəfdən, “Hər il dövlət büdcəsindən elmə ayrılan müəyyən vəsaitlər müqabilində Azərbaycan alimlərinin son 20-30 ildə çoxlarının yadında qala biləcək bir elmi tapıntısı, kəşfi, iqtisadiyyata bəhrə verəcək bir yeniliyi olubmu?” sualını qoyanlar da olub.

Hətta alimlərin əksəriyyətinin universitetlərdə cəmləşdiklərini əsas gətirərək AMEA-nın ləğv edilməsi əvəzində Təhsil Nazirliyinin yenidən formalaşdırılaraq, bir çox ölkələrdə olduğu kimi Elm və Təhsil Nazirliyinə çevrilməsi təklifi ilə çıxış edənlər də az olmayıb”.

O qeyd edib ki, idarəetmənin daha effektiv işləməsi üçün Təhsil Nazirliyində struktur dəyişikliyinin zəruriliyi də, yəni Elm və Təhsil Nazirliyinin yaradılması, o cümlədən AMEA, təhsil sferasında olan bütün müəssisələrin, elmi təşkilatların və məktəbəqədər təhsil müəssisələrinin bu quruma həvalə edilməsi çağırışları da zaman-zaman gündəmə gəlib:

“Sistemdə dəyişikliklərin olmaması və yaxud vəzifəli şəxslərin uzun müddət qalmasının o qədər də yaxşı nəticə verməməsi, yeni kadrların isə yeni layihələrlə işləməyə, etimadı doğrultmağa çalışacaqları barədə mülahizələrdə də müəyyən həqiqət var. Digər bir məsələ də onunla şərtlənirdi ki, “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya” sənədi və 2013-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın bəzi müddəaları belə bir struktur dəyişikliyi aparılmasını labüd edirdi.

Yəqin, çoxları bilməmiş deyil ki, MDB məkanında Azərbaycan, Türkmənistan, Tacikistan və Moldovanı çıxmaqla, yerdə qalan ölkələrdə bu qurum “Təhsil Nazirliyi” yox, “Elm və Təhsil Nazirliyi” adlanır. Bir halda ki, bizim universitetlərin əksəriyyəti Təhsil Nazirliyinin tabeçiliyindədir və onların nəzdində elmi-tədqiqat mərkəzləri (institutlar və laboratoriyalar) fəaliyyət göstərir, onda bu qurumu “Təhsil Nazirliyi” adlandırmağa heç lüzum da qalmır. Digər tərəfdən, həmin universitetlərin öz elmi şuraları, magistraturaları, doktoranturaları da var və bu təsisatlar təhsildən daha çox, elmə yaxındır”.

“Hesab edirəm ki, yeni yaradılacaq qurum uşaq bağçalarının, universitetlərin özünə tabeliyini gücləndirməklə, təhsil pillələri arasında vahidlik, ardıcıllıq, varislik prinsiplərinin qorunmasını təmin edəcək, nazirliyin yanında yaradılan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi vasitəsilə elm və təhsil sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsində idarəetmənin tənzimləmə və əlaqələndirmə funksiyalarının işlək hala gətirilməsininin mobilliyi və çevikliyi təmin edəcək.

O ki qaldı yeni yaradılan Elm və Təhsil Nazirliyinin Azərbaycan elminin və təhsilinin inkişafına hansı töhfələri verəcəyi məsələsinə, bu, artıq zamana bağlı məsələdir”, – deyə o əlavə edib.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir