• C. Noy 22nd, 2024

Azərbaycan gəncliyi bütün platformalarda qalibdir

ByYenigun.news

İyl 30, 2022

Azərbaycan Respublikası artıq 30 ildir ki, müstəqil olaraq müasir dünyada uğurla inkişaf edir. Azərbaycan gəncliyi daim ölkənin ictimai-siyasi həyatında lokomotiv rolunu oynayaraq dövlətçiliyin qurulması, möhkəmləndirilməsi və inkişafı mərhələsində öz bilik, bacarıqları ilə bu proseslərdə iştirak etməklə vətənə, dövlətə bağlılıqlarını, eləcə də vətənin qorunmasının hər zaman ali hədəf olduğunu bu uzun müddət ərzində mənimsəyib. Azərbaycan gəncliyinin mübarizliyinin bariz nümunəsi 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun böyük zəfər qazanmasıdır. 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilərək istər gənclərin mədəni-sosial həyatının təşkili, istərsə də onların elmi, vətənpərvərlik biliklərinin müasir çağırışların tələblərinə uyğunlaşdırılması istiqamətində böyük işlər görülüb. Xüsusilə də Azərbaycan gənclərinin qlobal-siyasi debatlarda iştirakı, habelə yeni platformalarda özlərinin aktiv rolu Azərbaycan gəncliyinin böyük potensialının varlığını bu gün də təsdiq edir. 

Belə ki, Azərbaycan dünya gənclər siyasətinin müəyyənləşməsində on ildən artıq bir müddətdə yaxından iştirak edir. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlu təcrübəni dünyada fəaliyyət göstərən qlobal gənclər institutları yüksək qiymətləndirərək 2014-cü ildə ilk dəfə olaraq bütün dünyanın, BMT-yə üzv olan ölkələrin, gənclər siyasəti ilə məşğul olan dövlət, qeyri-dövlət mütəxəssislərinin, nazirlərin iştirakı ilə “Gənclər Siyasəti üzrə birinci Qlobal Forumu”nun (1st Global Youth Policy Forum) məhz ölkəmizdə keçirilməsini dəstəklədilər.

BMT-nin baş katibinin yanında fəaliyyət göstərən Gənclər Ofisi, Avropa Şurasının Gənclər Departamenti, UNESKO, BMT İnkişaf Proqramının, eləcə də gənclər siyasəti ilə məşğul olan regional ofislərin iştirakı ilə 2014-cü ilin 28-30 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş bu qlobal Forumda dünyada gənclər siyasətinə dair “Bakı Kommünikesi” adlandırılan sənəd qəbul olundu. Həmin görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məzmunlu və əhatəli nitq söylədi. Prezidentin “Gənc nəslimiz innovasiyalarla bağlı məsələlərdə fəal iştirak edir. Gənc nəsil çox yaradıcıdır, dinamikdir. Həmçinin, Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində də sürətlə inkişaf edir” sözləri ölkəmizin hər zaman innovasiya, yeniliklər, müasir çağırışlara hazır olduğunun əyani sübutudur. 

Bu günlərdə, 18-22 iyul tarixlərində dünyamız qlobal gənclər platformasında Azərbaycanın ev sahibliyi ilə reallaşdırılan yeni, böyük tarixi həmrəylik təşəbbüsünə şahidlik etdi. Belə ki, 120 ölkəni özündə birləşdirərək BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edən dövlətimizin təşəbbüsü ilə Hərəkata üzv dövlətlərin Gənclər Şəbəkəsinin Sammiti keçirildi. 

Hələ 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində dövlət və hökumət başçıları 2019-cu ilin 24-25 oktyabrında tarixdə ilk dəfə keçirilən Qoşulmama Hərəkatının Gənclər Zirvə Görüşünün təşkilini müsbət qarşıladılar. Eyni zamanda Qoşulmama Hərəkatına Üzv Dövlətlərin gənc nümayəndələrinə davamlı tərəqqinin təmin edilməsi zamanı qarşılaşdıqları cari çətinlikləri öz dövlətlərinin adekvat cavab tədbirləri vasitəsilə necə aradan qaldırıla biləcəkləri barədə fikir mübadiləsinə imkan yaratmaq məqsədi daşıyan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılması da dəstəkləndi.

Bu gün QH-nin Gənclər Şəbəkəsinin yaradılması eyni zamanda Azərbaycanın günümüzün ən əhəmiyyətli inkişaf sənədi olan “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 17-ci Məqsədinin əsas çağırışı olan qlobal tərəfdaşlığın gücləndirilməsi çağırışına cavab verən fəaliyyətinin nəticəsidir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə QH-nin institutlaşması istiqamətində Parlament Şəbəkəsinin yaradılmasından sonra atılan növbəti uğurlu addım idi. Sammitin digər bir qürurlu məqamı da bağlanış tədbirinin mədəniyyət paytaxtımız olan Şuşa şəhərində keçirilməsidir.

QH-nin ilk Gənclər Sammitin açılış mərasimində Prezidentin iştirakçılara ünvanlanan müraciəti zamanı səsləndirilən fikirlər bir daha Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinə verdiyi müstəsna əhəmiyyətin, habelə Qoşulmama Hərəkatına sədrliyimizin müvəffəqiyyətlə həyata keçirildiyinin və üzv dövlətlərin ölkəmizə göstərilən etimadının bariz nümunəsidir.

Bu Sammitdə Azərbaycanın 27 illik təcrübəyə malik Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri səviyyəsində təmsil olunması Şəbəkənin gələcək fəaliyyətində məhz gənclər siyasəti sahəsində fəaliyyət göstərən təşkilatlarımızın əldə etdiyi uğurlu təcrübə və nailiyyətlərdən istifadə olunacağına dəlalət edir. Bu günə qədər ölkəmizin bütün sferalarında ARGTMŞ-nın təcrübəsindən istifadə olunması həmçinin çoxvektorlu xarici siyasətimizdə də yeni-yeni uğurlara və inkişafa yol açacaq.

İnanıram ki, Azərbaycan gənclərinin qlobal çağırışlarda, habelə qlobal gündəliyin icrasında iştirakçılığı bundan sonra da ikitərəfli və çoxtərəfli əməkdaşlıqla davam etdiriləcək və Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər sahəsinin inkişafı üçün yaradılmış bütün infrastrukturdan maksimum istifadə etməklə formalaşmaqda olan yeni nəsildən ali dəyərlərin qorunmasında və inkişaf etdirilməsində istifadə olunmalıdır. 

Məzahir Əfəndiyev, Milli Məclisin deputatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir