Son günlər Serbiya ilə Kosovo arasında münasibətlərdə gərginlik yaşanır. Qeyd edək ki, bu münaqişə rəsmi Priştinanın Serbiya Respublikasına məxsus avtomobillərin dövlət nömrə nişanı ilə bağlı tətbiq etdiyi yeni qayda ilə bağlıdır. İyulun 28-də elan edilən bu rejim avqustun 1-dən qüvvəyə minməli idi. Yeni qaydalara əsasən, Serbiya pasportu ilə Kosovo ərazisinə üç ay müddətinə daxil olanlar giriş-çıxışla bağlı xüsusi bəyannamə yazmalı, onların avtomobillərinə Kosovo nömrə nişanları verilməlidir. Kosovonun Baş naziri Albin Kurti bildirib ki, bu qərar Serbiyanın 11 il əvvəl reallaşdırdığı tədbirə cavabdır.
Beynəlxalq ictimaiyyətin qismən tanıdığı Kosovonun Prezidenti Vosa Osmani və Baş nazir Albin Kurti ABŞ və Avropa İttifaqının nümayəndələri ilə məsələyə dair danışıqlar aparıb. Nəticədə Kosovo hökuməti qərarın icrasının avqustun 1-dən sentyabrın 1-dək təxirə salındığını açıqlayıb. Rəsmi Priştina bu müddətədək Serbiya vətəndaşlarının, avtomobillərinin əvvəlki qayda əsasında ölkəyə daxil olmasına icazə verəcəyini vəd edib.
Münaqişə Kosovonun şimalında yerləşən Kosovska-Mitrovitsa şəhərinin sakinlərinin etirazı ilə başlayıb. Onlar yeni qaydanı qəbul etməyəcəklərini bildiriblər. Xatırladaq ki, Kosovska-Mitrovitsanın bütün ərazisi Kosovoya daxil edilsə də, rəsmi Belqrad onu tanımadığından Serbiya da şəhəri öz ərazisi sayır. Hazırda Serbiya, faktiki olaraq, şəhərin şimal, Kosovo isə cənub hissəsinə nəzarət edir. Qeyd edək ki, şəhər 1989-cu ilədək Titova-Mitrovitsa adlanıb. Hazırda Kosovska-Mitrovitsa da daxil olmaqla Kosovonun bütün şəhərlərinə NATO-nun başçılığı altında beynəlxalq qüvvələr (KFOR) nəzarət edir. Şəhərin Kosovoya aid hissəsi Mitrovitsa adlanır.
Serbiyanın xarici işlər naziri rəsmi Belqradın verdiyi sənədin dəyişdirilməsi ilə Kosovo ərazisində yaşayan serblərə “cəhənnəm qurulacaq” deyərək vəziyyəti daha da gərginləşdirmişdi. Ötən gün Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo və Metoxiyada serblərin nümayəndələri ilə görüşüb. Serbiya hərbçiləri və polisi döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. Hətta KFOR vəziyyətə müdaxilə edə biləcəklərini belə açıqlamışdı. Aleksandr Vuçiç Kosovonun məlum təxirəsalma qərarından sonra korrekt reaksiyası üçün Avropa İttifaqına və dəstəyinə görə Rusiyaya təşəkkürünü bildirib.
Serbiya Avropanın tarixində daha çox ziddiyyətli mövqeyi ilə seçilib. O, nə Rusiyanın, nə də Avropa İttifaqının blokunda tam mənada iştirak etməyib. Məsələn, bu yaxınlarda ölkənin xarici işlər naziri Nikol Selakoviç Ukraynadakı müharibəyə görə Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyanı dəstəkləmədiklərini bildirib. Ancaq bununla belə, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiklərini, habelə Rusiyanın bu ölkədə apardığı hərbi əməliyyatlara qarşı olduqlarını vurğulamışdı. Yeri gəlmişkən, 1998-1999-cu illərdə baş verən Kosovo müharibəsində Ukrayna Milli Assambleyası-Ukrayna Xalq Özünümüdafiə Qüvvələri (“UNA-UNSO”) Serbiyanı müdafiə etmişdi.
Serbiyanın Avropa İttifaqına və NATO-ya daxil olması üçün əsas şərt rəsmi Belqradın Kosovonun müstəqilliyini tanımasıdır. Ancaq Serbiya bu addımı atmır. Əksinə, Kosovonu öz ərazisi saymaqda davam edir. Nəzərə almaq lazımdır ki, BMT-nin 193 üzvündən 98-i, o cümlədən Avropa İttifaqının 27 üzvündən 22-si, NATO-nun 30 üzvündən 26-sı, İslam Əməkdaşlığı Təşkilatının 57 üzvündən 34-ü Kosovonun müstəqilliyini tanıyır. Rəsmi Priştina Serbiya vətəndaşlarının yeni qaydalar əsasında giriş etməsini niyə indi gündəliyə gətirib? Ehtimal etmək olar ki, Kosovo rəhbərliyi bununla müstəqillik yolunda daha bir addım atdığını göstərmək istəyir. O, bununla Serbiyaya müstəqil olduğunu göstərir, həm də bunu regionda yaranan vəziyyətə uyğun olaraq edir.
Bəs bu Avropada yeni müharibənin başlamasına səbəb ola bilərmi? Qeyd edək ki, Birinci Dünya müharibəsi Serbiyadan başlayıb. Belə ki, 1914-cü il iyulun 28-də Avstriya-Macarıstan imperiyası Serbiya krallığı ərazisinə daxil olub. Həmin müharibədə krallıq 1,5 milyon hərbi və mülki vətəndaşını itirib. Bu, ümumi əhalinin 33 faizi deməkdir.
Düz, 108 il sonra Kosovo Serbiya vətəndaşları üçün yeni səyahət qaydaları tətbiq edib. Qaydaların tətbiqi tarixinin dəyişdirilməsi Belqrad-Priştina qarşıdurmasının təxirə salınması kimi də qəbul edilə bilər. Ehtimal etmək olar ki, Serbiya Rusiyanın maraqlarını nəzərə aldığı üçün Avropa İttifaqı və NATO-ya üzv olmaqla bağlı şərtləri qəbul etmir. Başqa sözlə, Kosovonun müstəqilliyinin tanınmaması məsələsində Rusiya ilə Serbiya ortaq mövqe sərgiləyir. Bu həm də Aİ ilə NATO-nun maraqlarına qarşı çıxmaqdır. Rəsmi Belqradın bu məsələdə əsas dayağı Moskva sayılır. Keçmiş SSRİ və onun varisi sayılan Rusiya Yuqoslaviyanın dağılmaması üçün rəsmi Belqrada hərtərəfli yardım etmişdi. İkinci Dünya müharibəsindən sonra ən böyük qətliam Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində törədilib. Serbiyanın bu cinayətində Rusiya hərbçilərinin də rolu olub.
Ancaq dünyada siyasi-sosial, iqtisadi, hərbi baxımdan bütün istiqamətlərdə vəziyyət dəyişir. Artıq Rusiya Serbiyanı əvvəlki, yəni 1990-cı illərdəki kimi çətin müdafiə edə. Bunu etməyə onun gücünün çatmayacağı da istisna edilmir. Rusiya Serbiya-Kosovo qarşıdurması vasitəsilə müharibəni Avropaya daşımağa nail ola bilər. Bunun isə uzun müddət sürəcəyi ehtimalı azdır. Moskva vaxt udmaq üçün Qərbi, o cümlədən NATO-nu Kosovoda münaqişəyə cəlb edə bilər. Ancaq daha bir cəbhədə Qərbə qarşı döyüşmək Kremlə baha başa gələr. Onu qeyd edək ki, Rusiya Ukrayna cəbhəsində istəklərindən əl çəkənə oxşamır. Ona görə də Avropanın rahat həyatını Priştina-Belqrad qarşıdurması ilə dağıtmağa səy edə bilər.
Rusiyanın vaxt udmaq üçün yeni münaqişə ocağı yaratmaq istəyində maraqlı olması baxımından Qərb Kosovo-Serbiya qarşıdurmasının başlamasına möhlət verib. Bu həm də Rusiyanın Ukraynada gücünü bir az da itirməsi deməkdir. Beləliklə, ehtimal etmək olar ki, köhnə münaqişənin yenidən alovlanması, Aİ ərazisində sakitliyin pozulması müddəti bir ay uzadılıb…
“Report” İnformasiya Agentliyi