Məlum olduğu kimi ölkənin müxtəlif bölgələrində icbari tibbi sığorta sistemi haqqında maarifləndirmə tədbirləri keçirilir. Belə bir tədbir Cəlilabad Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Tədbiri giriş sözü ilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının siyasi və humanitar məsələlər üzrə müavini Elnarə Həsənova açmışdır. E. Həsənova ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb.
İcbari Sığorta Ağentliyi Cəlilabad filialının rəhbəri İlqar Qurbanov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə çıxış edib. Qeyd olunub ki, sığortaolunanlar sığorta hadisəsi baş verdikdə xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququna malikdirlər. Onun sözlərinə görə, icbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etməkdir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Elnur Azadxanov, poliklinika şöbəsinin müdiri Aynur Məmmədova toplantı iştirakçılarına icbari tibbi sığorta sistemi, icbari tibbi sığortanın məqsədi və əhaliyə verəcəyi faydalar, xidmətlər zərfi, icbari tibbi sığorta haqqı və s. barədə haqqında məlumat vermişlər.
Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.