• C. Noy 29th, 2024

İrpenin meri: “Azərbaycan məktəbimizi təmir etməklə şəhərimizə böyük humanitar yardım göstərdi” – FOTO

ByYenigun.news

Sen 19, 2022

“Biz İrpen şəhər Zərifə Əliyeva adına 12 saylı tam orta məktəbin təmirinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarıq. Azərbaycan Ukraynaya, İrpenə çətin dövrdə yardım göstərdi”.

Bu fikirləri “Report”un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin deyib.

Onun sözlərinə görə, Azərbaycanla İrpen arasında uzun illərdir ki, dostluq münasibətləri var:

“Şəhərimizdə Zərifə Əliyeva adına park, Zərifə Əliyevanın abidəsi var. Üstəlik, əsas küçələrimizdən, hətta ən böyük məktəblərimizdən biri Zərifə Əliyevanın adını daşıyır. Biz real addımlarla öz dostluğumuzu təsdiqləmişik. Yeri gəlmişkən, Rusiyanın Ukraynaya hücumundan sonra məhz İrpen özünü fəda etmək bahasına Kiyevi qorudu. Ukrayna bu şəhərdə Rusiya ordusu üzərində qələbə qazandı. Nəticədə Rusiya qoşunları Belarus istiqamətində geri çəkilməyə məcbur oldu. Bu məqamda dostlarımızın, strateji tərəfdaşlarımızın məktəbin təmirinə kömək etməsinə ehtiyac duyulurdu. Rusiyanın hücumu nəticəsində bu məktəbə ziyan dəymişdi. İdman zalı, mərkəzi korpus və məktəbin damı bombardman nəticəsində dağıdılmışdı, pəncərələrin hamısı sınmışdı. Azərbaycan tərəfi bizə böyük dəstək göstərdi və məktəbin təmirini öz üzərinə götürdü. Bununla da Azərbaycan təkcə Ukraynanın deyil, həm də “qəhrəman şəhər” İrpenin böyük dostu olduğunu göstərdi. Şəhərimizin ən böyük məktəbinin sentyabrın 1-dək təmir edilərək fəaliyyətinə başlamasına görə öz adımdan, İrpen sakinləri adından SOCAR-a, Azərbaycanın Ukraynadakı səfirinə və Azərbaycan diasporuna minnətdarıq. Siz Ukraynamızın, şəhərimizin həqiqi dostusunuz”.

O.Markuşin Azərbaycanın Ukraynaya mərkəzləşdirilmiş şəkildə yardım göstərdiyini söyləyib:

“Bundan başqa, İrpen şəhərindən olan azərbaycanlılar şəhərimizin müdafiəsində iştirak edib və burada mənimlə çiyin-çiyinə döyüşüblər. Humanitar yardım isə mərkəzləşdirilmiş şəkildə Kiyevə çatdırılıb. Sonra humanitar yardım köməyə daha çox ehtiyacı olan şəhərlərə göndərilib. Əlbəttə, bizə Azərbaycanın humanitar yardımı çatdırılıb. Buna görə də minnətdarıq. O vaxt bizim humanitar yardıma çox ehtiyacımız var idi. İrpendə hərbi əməliyyatlar başa çatdıqdan sonra bizə humanitar yardım göstərilib”.

Məktəbin direktoru Valentina Antonenko isə sözügedən dəstəyə görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirib:

“Öz adımdan, müəllimlərin, valideynlərin, şagirdlərin adından misilsiz hədiyyəyə – Azərbaycan xalqının böyük qızı, böyük oğlun böyük anası Zərifə Əliyevanın adını daşıyan məktəbimizin dirçəldilməsinə görə müdrik dövlət xadimi, böyük qəlbə malik olan Azərbaycan Prezidenti İlham Əliyevə səmimi qəlbdən təşəkkür edirəm. Hörmətli Prezident bu hədiyyənizə görə sizin qarşınızda ehtiramla baş əyirəm. Çünki bizim uşaqların indi doğma məktəblərində təhsil almağa imkanları var. Sizə cansağlığı, firavanlıq, sizin gözəl ölkənizə sülh arzulayıram. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə – “SOCAR Energy Ukraine” şirkətinə də xeyriyyəçilik missiyasına, Elçin Məmmədovun rəhbərliyi ilə məktəbimizin yüksək keyfiyyətli tam təmir edilməsinə görə səmimi qəlbdən təşəkkür edirik”.

O, dağıntılardan sonra məktəbdə aparılan təmir-bərpa işləri barədə də məlumat verib:

“Bəzi rəqəmləri bölüşmək istərdim: bizim təhsil müəssisəmizin 4500 kvadratmetrlik dam ötüyü tam təmir edilib, 1014 kvadratmetrlik pəncərə, 3500 radiator, 700 işıq dəyişdirilib, 1035 kvadratmetrlik tavan hissəsi, 2 qapı, 55 sinifdə təmir işləri aparılıb, bu məqsədlə 1500 kvadratmetrlik linoleum, 2000 kvadrat metrlik divar kağızı istifadə olunub, 6000 kvadrat metrlik divar və tavan rənglənib, məktəbin ətrafındakı su xəttləri təmir olunub. Ölkəmiz üçün bu çətin dövrdə mənəvi dəstəyə görə Azəryacanın Ukraynadakı səfiri Elmira Axundovaya da təşəkkür etmək istərdim. Azərbaycan, Bakı, Naxçıvan, Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına tam orta məktəb hər zaman bizim qəlbimizdə olacaq”.

4a sinif rəhbəri Qalina İvanova Azərbaycan-Ukrayna dostluğunun çiçəklənməsini arzulayır:

“Qoy, bizim ölkələrimizin üzərində daim sülh olsun. Azərbaycana minnətdarıq. Əziz azərbaycanlı dostlar, məktəbimizlə bağlı göstərdiyiniz diqqətə görə səmimi minnətdarlığımızı qəbul edin! Xüsusilə SOCAR-a, Azərbaycan dövlətinə xüsusi təşəkkürümüzü bildiririk”.

4-cü sinif şagirdi Sofiya Romanko da dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib:

“Ukraynaya göstərdiyi kömək, təhsilimizlə bağlı verdiyiniz dəstəyə görə Azərbaycana dərin təşəkkürümü bildirirəm”.

4-cü sinif şagirdi Serofim Vasilev də Azərbaycana minnətdardır:

“Biz Azərbaycan rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə ürəkdən və dərin təşəkkrümüzü bildiririk”.

10-cu sinif şagirdi Anastasiya Durova söyləyib ki, belə bir addım müharibə dönəmində Ukrayna üçün xüsusi əhəmiyyətlidir:

“Məktəbimizin yenidən təmir etdiynə görə Azərbaycana çox minnətdarıq. Mən 10-cu sinifdə oxuyuram və təhsilimin müharibə şəraitində yenidən davam etdirməyim üçün göstərilən köməkdən çox məmnunam”.

10-cu sinif şagirdi İvan Rudey də təəssüratlarını bölüşüb:

“Liseyimiz tanınmış akademikin adını daşıyır. Mən məktəbimizin yenidən fəaliyyətə başlamasına verilən dəstəyə çox təşəkkür edirəm”.

Qeyd edək ki, paytaxt Kiyevdən cəmi 30 kilometrlik məsafədə yerləşən İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbində əksər Avropa xalqlarının dillərində, bundan başqa fars, ərəb, yapon və Azərbaycan dilində tədris aparılır. 2015-ci ildən azərbaycanlı akademikin adını daşıyan təhsil ocağı bu baxımdan birinci dərəcəli linqvistik məktəb adlanır. 2400 şagirdin təhsil aldığı məktəbdə yerli ukraynalılarla yanaşı, burada daimi və müvəqqəti yaşayan müxtəlif millətlərdən olan uşaqlar da təhsil alır. Təhsil ocağında müxtəlif ənənəvi günlərdə Ukraynadakı müxtəlif ölkələrin diplomatları, müxtəlif xalqların diaspor nümayəndələri vaxtaşırı qonaq olurlar, məktəbin nəzdində yaradılan Zərifə Əliyevanın adına muzeyin ziyarətçilərinə çevrilirlər. Muzeydə akademik Zərifə Əliyeva ilə yanaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə də bağlı foto arxivi və nəşrlər nümayiş olunur, Azərbaycan mədəniyyətinə aid nümunələr sərgilənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir