• C. Noy 29th, 2024

Düşünülmüş daxili və xarici münasibətlər güclənir

ByVuqar Ferzeliyev

Sen 20, 2022

        Prezident İlham Əliyevin sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışı Azərbaycanın qarşısında duran bütün vəzifələrin reallaşdırılması yollarını göstərdi. Prezident milli maraqlarımızı və mövqeyimizi dünyaya bir daha bəyan etdi. Cənab İlham Əliyevin həm zirvədəki çıxışda, həm də ikitərəfli görüşlərdə Azərbaycanın imkanlarını təqdim etməsi axtarışlarda olan Şanxay liderlərinin məhz gözlədikləri məqamlar idi. Azərbaycan digər ölkə və birliklərin onunla əməkdaşlığa  maksimum ehtiyac hiss etdikləri anda, öz imkanlarını ortaya qoyur, qarşıya qoyduğu bütün məqsədlərinə doğru inamla irəliləyir və istədiklərinə nail olur. Azərbaycan ŞƏT ilə “Orta dəhliz”, “Bir kəmər bir yol” layihələri çərçivəsində geniş əməkdaşlıq və tərəfdaşlıq imkanlarına malikdir.

        Ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, dövlət başçımızın beynəlxalq aləmdəki nüfuzu və ordumuzun peşəkarlığı gündən-günə yüksəlir.  Cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.

       Prezidentimiz ŞƏT Sammitində Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrə də münasibət bildirdi. Bildirdi ki, qəsbkar qonşu davamlı şəkildə atəşkəsi pozur, mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tuturdu. Sentyabrın 12–13-də Ermənistan tərəfi daha genişmiqyaslı təxribat törətdi. Beləliklə, işğalçı ölkə bir daha sülhyaratma sahəsində aparılan işlərə böyük ziyan vurdu. Azərbaycan–Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində baş verən gərginlik Ermənistanın revanşist, təcavüzkar siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin məntiqi nəticəsi idi.

       Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub, biz həmişə öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən, buna görə dünyada böyük hörmət qazanmışıq. Həmişə sözümüzün üstündə dururuq, həmişə verilən sözə sadiqik. Əlbəttə, beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək. Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır.  Bu gün biz buna nail ola bilmişik. Əminəm ki, Prezident İlham Əliyevi sayəsində bundan sonra da belə olacaq.

Mübariz Əsədov,

Cəlilabad şəhər 3 saylı ümumi orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir