• Ca. Noy 28th, 2024

Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak etdi – FOTO

ByYenigun.news

Sen 21, 2022

20 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminəTəşkilat – GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsindən verilən məlumata görə, şuranın iclasına, həmçinin Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba qatılıb.

Nazir Ceyhun Bayramov iclas zamanı çıxış edərək ticarət, nəqliyyat və kommunikasiya, parlamentlərarası əməkdaşlıq istiqamətlərində GUAM çərçivəsində həyata keçirilən işlər və perspektivlər barədə fikirləri ilə bölüşüb, təşkilat çərçivəsində əməkdaşlığın vacib olduğunu bildirib.

Nazir, post-münaqişə dövründə Ermənistanla keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə səyləri barədə məlumat verib. Nazir regionda bərpa və yenidənqurma tədbirləri, məcburi köçkünlərin geri qayıdışı, bölgədə yaşayan etnik ermənilərin reinteqrasiyası üçün bəzi layihələr, habelə bölgədə mina təhlükəsi barədə iştirakçıları məlumatlandırıb.

Üçtərəfli bəyanat və Azərbaycanla Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar çərçivəsində kommunikasiya və nəqliyyat xəttlərinin açılması istiqamətində işlər aparıldığı, habelə Azərbaycan tərəfindən sülh sazişi təklifi irəli sürüldüyü vurğulanıb. Bütün bunlara baxmayaraq, Ermənistanın prosesi əngəllədiyi və gecikdirmə taktikasına əl atdığı, Üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi pozduğu və son aylar genişmiqyaslı hərbi təxribatlar törətdiyi, təxribatlar nəticəsində itkilər olduğunu bildirilib. Ermənistan tərəfinin destruktiv fəaliyyətlərinə baxmayaraq, ölkəmizin sülh gündəliyini irəlilətməkdə əzmli olduğu və danışıqları davam etdirdiyi diqqətə çatdırılıb.

Nazir, həmçinin Ukraynadakı vəziyyətin ciddi narahatlıq doğurduğunu, problemin diplomatik yolla beynəlxalq hüquq əsasında, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenlik prinsiplərinə uyğun həllinin vacib olduğunu qeyd edib. Azərbaycanın Ukraynaya humanitar yardım əlini uzadan ilk ölkələrdən olduğu və indiyə qədər 15 milyon avro məbləğində Ukraynaya yardım göstərildiyi bildirilib. Nazir Ceyhun Bayramov çıxışının sonunda Ukraynanın 2023-cü il üzrə GUAM sədrliyini təhvil alması münasibətilə təbrik edib.

İclas zamanı habelə digər ölkələrin xarici işlər nazirləri və Baş katib Altay Əfəndiyev çıxış edərək təşkilat çərçivəsində mövqelər və prioritetlər barədə iştirakçıları məlumatlandırıblar.

İclas zamanı, üzv dövlətlər “Azad ticarət zonasının yaradılması haqqında Sazişə malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında Protokol”u və “Konsulluq məsələləri sahəsində qarşılıqlı yardım haqqında Demokratiya və İqtisadi İnkişaf naminəTəşkilat – GUAM Konvensiyası”nı imzalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir