Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Ərzurum Böyükşəhər Bələdiyyəsi arasında iki dost və qardaş ölkə kimi strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu nəzərə alaraq qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.
Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib.
Protokol qardaşlaşmış şəhərlər arasında mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirməyi əsas tutur.
Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, bərabərlik, dostluq, qardaşlıq və ümumi maraq prinsiplərinə uyğun olaraq, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.
Sənədi Ərzurumda səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Ərzurum Böyükşəhər Bələdiyyəsinin başçısı Mehmet Sekmen imzalayıblar.
Tədbirdən sonra Ərzurum valisi Okay Memişlə də görüş baş tutub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qardaşlaşmış şəhərlər protokolunun ilk dəfə Ərzurum ilə imzalanmasının xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, bu il Azərbaycanda Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunubdur. Gələn il isə Şuşa şəhəri TÜRKSOY-un qərarı ilə Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Buna görə də Türk dünyasının mərkəzlərindən biri sayılan Ərzurum ilə mədəni, siyasi və iqtisadi əlaqələrin qurulması vacibdir.
Ərzurum valisi Okay Memiş Şuşanın bütün türk dünyasının qəlbində xüsusi yer tutduğunu qeyd edərək, əziz Şuşa ilə istənilən tədbir və birgə fəaliyyətlərin başlanmasını valilik üçün mühüm missiya olduğunu bildirib.
Daha sonra Məftun Abbasov ilə Ərzurum Atatürk Universiteti və Ərzurum Texniki Universitetinin rektorları arasında görüş baş tutub. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması haqqında ətraflı danışılıb.