• Ca. Noy 28th, 2024

Slovakiya Azərbaycanın minasızlaşdırma səylərinə dəstək vermək niyyətindədir – FOTO

ByYenigun.news

Sen 21, 2022

Slovakiya Respublikasının xarici və Avropa işləri naziri Rastislav Kaçer ölkəsinin Azərbaycanın minasızlaşdırma sahəsində səylərinə dəstək vermək niyyətində olduğunu açıqlayıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Rastislav Kaçer bu barədə Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.

Ceyhun Bayramov həmkarını yeni təyinatı münasibətilə təbrik edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib. İqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı, habelə qarşılıqlı investisiyaların təşviqi məqsədilə tərəfimizdən ardıcıl işin aparılmasının əhəmiyyəti vurğulanıb.

Nazir, həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, Ermənistan tərəfinin sözügedən bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları və son təxribatları, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhdid olan mina təhlükəsi ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Nazir Rastislav Kaçer ökələrimiz arasında mövcud olan siyasi dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. O, dövlətlərarası münasibətlərin təməlində duran beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb. Slovakiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini, əməkdaşlığı, iqtisadiyyat və ticarət sahəsində əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu vurğulayıb. Slovakiyanın geniş təcrübəsini və malik olduğu texnologiyaları nəzərə alaraq, minasızlaşdırma sahəsində səylərə dəstək vermək niyyətini diqqətə çatdırıb.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir