• Ç. Noy 27th, 2024

Çində dövlət çevrilişi iddiası: Məqsəd nədir? – ŞƏRH

ByYenigun.news

Sen 26, 2022

İki gün öncə Çin Xalq Respublikasında hərbi çevriliş olması xəbərləri ortaya çıxdı və dünyanın aparıcı mediaları yox, sosial şəbəkələr, daha sonra isə bir neçə sayt həmin iddianı sürətlə yaydı.

ÇXR Sədri Si Cinpinin internetdə olan sonuncu fotosu Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının iclasında həmin iddialar yayılmamışdan öncə çəkilib.

Guya ki, Cinpin Səmərqənddə olarkən Çinin Şimal Hərbi Dairəsinin komandanı Li Tsyaominə təlimat gəlib və o, hərəkətə keçərək ölkədə hərbi çevrilişə imza atıb.

Düzü, məlumatın inandırıcılıq dərəcəsi çox zəif idi, ona görə ki, kəşfiyyat seyflərinə çıxışı olan beynəlxalq media həmin mövzu üzrə hər hansı hekayə verməmişdi.

Çinin rəsmi mediası yayılan iddiaları yalanladı, lakin bu şayiənin hansı qüvvələr tərəfindən hansı məqsədlə informasiya bazarına çıxarılması dəqiq deyil.

Ancaq niyyətlərə dair bir neçə versiya irəli sürə bilərik.

Birincisi, Si Cinpin Çində yaranan iqtisadi problemlərə, o cümlədən əmlak sektorunun çökməsinə görə orta sinfin müqaviməti ilə üzləşir.

İqtisadi masadakı “səliqəsizlik” Cinpinin üçüncü müddətə Çin liderliyi postuna namizəd olacağı elanı fonunda onun rəqibləri üçün fürsət təqdim edir.

Mümkündür ki, Çin liderinə bununla “iqtisadi vəziyyəti düzəltməsən, kürsüyə “əlvida” deyəcəksən” mesajı verilir.

Bəs bu ismarışın müəllifi kimdir? Təxmin etmək olar ki, Çində hakimiyyət daxilində ikitirəlik mövcuddur və Cinpinə qarşı hərarətli rəqiblər yetişib və ya yetişdirilib.

İkincisi, dünyada kiçik dövlətlər yeni dünya nizamında Çinin çəkisinin artacağı ehtimallarına söykənərək Pekinlə əməkdaşlığı dərinləşdirməyi hədəfləyirlər.

Bilmirik, bu versiya nə qədər məntiqlidir, amma demək lazımdır ki, böyüklər həmişə kiçiklərin nəbzini yoxlamaq və Çinin etibarını azaltmaq üçün saxta informasiyalara əl ata bilərlər.

Hər halda, iddia doğrulanmasa da, yalanlardan da bəzi nəticələr çıxa bilər, məsələn, siyasi üfüqlərə “tüstü” qalxması onu deməyə əsas verir ki:

1. Çində Kommunist Partiyasının zirvəsində narahatedici hadisələr baş verir;

2.  Çinin rəqibləri bundan istifadə edib nailiyyət qazanmaq istəyirlər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir