Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.
“Yenigun.news” xəbər verir ki, dövlət başçısı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevdən Qarabağda görülən yenidənqurma işləri ilə bağlı vəziyyəti soruşub:
Prezident İlham Əliyev: Qarabağda işlər necə gedir?
Baba Rzayev: Çox gözəl gedir, Şuşa hazırdır. Açılışa da hazırdır. Mən məruzə etmişdim ki, iki nömrəli xətt hazırdır.
Prezident İlham Əliyev: Bilirəm, xətti çəkmisiniz.
Baba Rzayev: Şükürbəyli də hazırdır, Şuşa da hazırdır. Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq.
Prezident İlham Əliyev: Bəs, ermənilərin dağıtdıqları o su elektrik stansiyalarının vəziyyəti necədir? İşlər gedir orada?
Baba Rzayev: Cənab Prezident, “Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir.
Prezident İlham Əliyev: Bəs, Kəlbəcər rayonunda?
Baba Rzayev: Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir.
Prezident İlham Əliyev: İndi hava şəraiti yaxşılaşıb. Yəqin ki, may ayından oraya getmək daha asan olacaq.
Baba Rzayev: Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik.
Prezident İlham Əliyev: Bəs, orada, azad edilmiş torpaqlarda xidmət edən hərbçilərin elektrik təchizatı normaldır?
Baba Rzayev: Hər yerə verilib.
Prezident İlham Əliyev: Şuşada da heç bir problem yoxdur.