• Ç. Noy 27th, 2024

Azərbaycan-Tacikistan münasibətləri yeni müstəvidə

ByVuqar Ferzeliyev

Apr 7, 2023

Azərbaycan Prezidentinin Tacikistana səfəri göstərdi ki, Tacikistan Azərbaycanın bölgədə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya layihələrinə maraq göstərir. Azərbaycan və Tacikistan prezidentləri arasında Düşənbədə keçirilmiş görüşdə əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra sənədlər imzalanıb. Hər iki ölkə strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına uyğundur. Digər tərəfdən, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Tacikistanın Azərbaycana dost mövqeyi hər zaman göz qarşısında olub.

Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək bildirib ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Həm Prezident Rəhmon, həm də Ulu öndər Heydər Əliyev ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.

Prezident İlham Əliyev bəyan edib ki, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.

Dövlətlərimizin ikitərəfli münasibətlərində mühüm irəliləyiş var. Biz Prezident Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik. Tacikistan sosial-iqtisadi inkişaf məsələlərini uğurla həll edir, ölkənin beynəlxalq nüfuzu artır, dayanıqlı, sabit inkişafa, mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüslərlə çıxış edir. Biz dost ölkənin uğurlarına sevinirik və əminik ki, Tacikistan bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcək.

Təhməz Nəsirov,

Cəlilabad şəhər 3 nömrəli

ümumi orta məktəbin direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir