İyulun 5-də Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ənənəvi işgüzar lanç təşkil edib. İyul işgüzar lançın xüsusi qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev olub.
Bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Görüşdə işgüzar dairələrin və üzv şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “AmCham Azərbaycan”ın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu Səhiyyə Nazirliyinin Palata ilə daimi qarşılıqlı fəaliyyətini və dialoqa hazır olmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanda səmərəli dövlət-özəl tərəfdaşlıq, o cümlədən səhiyyə sektorunda əlverişli biznes mühiti yaradılıb. Vurğulanıb ki, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayında artım müşahidə olunur: “İnanırıq ki, Səhiyyə Nazirliyi ilə qarşılıqlı faydalı əməkdaşlığımız Azərbaycanda biznes mühitini daha da yaxşılaşdıracaq”.
Öz növbəsində “AmCham Azərbaycan”ın İcraçı direktoru Gülnarə Aslanbəyli Azərbaycanda xarici və yerli biznesin maraqlarının dəstəklənməsi və təşviqi istiqamətində Palatanın davamlı fəaliyyətini qeyd edib. G.Aslanbəyli bu istiqamətdə dövlət qurumları ilə aparılan səmərəli dialoqun və uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, son illər Azərbaycan ictimai səhiyyəsində müasir prinsiplərə əsaslanaraq innovativ texnoloji nailiyyətlər və mütərəqqi menecment resursları tətbiq edilməklə genişmiqyaslı islahatlar aparılmaqdadır:
“Uğurlu səhiyyə islahatları üç əsas prinsip üzərində qurulub. Birincisi, insan kapitalının inkişafıdır. İkincisi, bu sahədə bütün fundamental dəyişikliklərin əsas amili səhiyyənin rəqəmsallaşmasıdır. Və üçüncüsü, səhiyyə sisteminin yeni iqtisadiyyatı və səhiyyənin maliyyələşdirilməsidir”.
Onun sözlərinə görə, dövlət xidmətlərində əlçatanlıq prinsiplərinin artırılması, insan amilin gücləndirilməsi, “vətəndaş-məmur” ünsiyyətinin minimuma endirilməsi məqsədi ilə ölkənin səhiyyə sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə geniş rəqəmsal səhiyyə platformasına keçid reallaşdırılıb. Belə ki, bu sahədə E-səhiyyə platforması istifadəyə verilib.
Nazir milli səhiyyədə müasir düşüncəli və beynəlxalq təcrübəyə malik tibbi kadr potensialının formalaşdırılması, bu sahədə uğurlu mübadilələrinin aparılması, tibb təhsili və elmində inklüziv inkişafa nail olması istiqamətində məqsədyönlü və davamlı layihələrin icra olunduğunu qeyd edib.
Teymur Musayev, həmçinin ölkəmizdə səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu vurğulayıb. Nazir Azərbaycanda səhiyyə sektoruna özəl investisiyaların cəlb olunması və nəticə etibarı ilə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində mühüm işlərin görülməsini diqqətə çatdırıb:
“Özəl sektorun səhiyyədə iştirak payının artırılması, xidmətin səmərəliliyinin optimallaşdırılması, informasiya texnologiyalarına çıxış imkanlarının genişləndirilməsi və innovativ layihələrin birgə maliyyələşdirilməsi kimi təşviq edilməlidir”.
İşgüzar lanç çərçivəsində Ticarət Palatasının üzvləri təqdimatla çıxış ediblər. Görüşün sonunda fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.