Tərtər rayonunun Talış və Zəngilan rayonunun Ağalı kəndlərində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatını ödəmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Tərtər şəhəri-Talış kəndi rayondaxili və Horadiz şəhəri (Füzuli)-Ağalı kəndi (Zəngilan) rayonlararası müntəzəm avtobus marşrutları üzrə avqustun 4-də müsabiqə keçiriləcək.
Müsabiqə elanı işğaldan azad edilmiş digər ərazilərə də avtobus reyslərinin təşkil edilməsi haqqında istəklərin artmasına səbəb olub. Belə ki, xüsusilə sosial şəbəkələrdə bununla bağlı istəklərini dilə gətirən sakinlər Kəlbəcər və Laçına da avtobus reyslərinin təşkil olunmasının arzusundadırlar.
Bəs bu ərazilərə qayıdış başladığı halda avtobus reyslərinin təşkili niyə gecikir? Sakinlər üçün bu xidmətlər nə zaman reallaşdırılacaq?
Bununla əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq AYNA-dan bildirilib ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı, mövcud infrastruktur nəzərə alınmaqla həyata keçirilir:
“İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir”, – deyə qurumun məlumatında vurğulanıb.
Qeyd edək ki, müntəzəm avtobus marşrutları üzrə müsabiqələr “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalara daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Onu da qeyd edək ki, Böyük Qayıdışa əsasən, indiyə qədər Laçın şəhərinə ümumilikdə 55 ailə – 213 nəfər köçürülüb. Kəlbəcər rayonuna isə köç prosesi çox sayda fermerlər və arıçıların, eləcə də heyvandarlıqla məşğul olan rayon sakinlərinin dədə-baba yurduna qaytarılması ilə başlayıb.
Aysel Aslan