• Ç. Noy 27th, 2024

Qubada “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda tədbir keçirib – FOTO

ByYenigun.news

İyl 6, 2023


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Heydər Əliyev İli” çərçivəsində cari ilin iyun-noyabr aylarında ölkəmizin 10 rayonunun Heydər Əliyev mərkəzlərində icra hakimiyyətləri ilə birlikdə ulu öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan seminarlar keçirir.

“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusuna həsr edilən seminarların keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin çoxspektrli fəaliyyəti, hakimiyyətə ikinci dəfə gəlişindən sonra azərbaycançılıq məfkurəsinin yenidən təşəkkül tapmasında rolu, xüsusən də ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait, bu gün də milli və dini icmalara göstərilən dövlət qayğısı barədə geniş maarifləndirmə işləri aparmaqdır.

Layihə çərçivəsində növbəti seminar Quba şəhərində təşkil olunub. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin Heydər Əliyev adına mədəniyyət və istirahət parkındakı abidəsi ziyarət olunub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırladığı “Heydər Əliyev və multikulturalizm” sənədli filmi nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqımızın təkidli xahişi və tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra azərbaycançılıq məfkurəsi yenidən təşəkkül tapdı, ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait daha da yaxşılaşdırıldı. Hazırda ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində milli və dini icmalara göstərilən dövlət qayğısı daim diqqət mərkəzində saxlanılmaqdadır.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli çıxış edərək diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin multikulturalizm siyasəti ölkənin demokratik inkişafının tərkib hissəsidir. Heydər Əliyevin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində və dövlət quruculuğu prosesində əhəmiyyətli rol oynayıb. Heydər Əliyev ölkə ərazisində yaşayan etnik qruplarla, digər xalqların nümayəndələri ilə hər zaman mütəmadi görüşürdü. Məhz bu qayğı və diqqətin nəticəsidir ki, ölkəmizdə yaşayan bütün xalqlar birlikdə vahid Azərbaycan cəmiyyətinin inkişafına, müstəqil dövlətimizin daha da qüdrətli olmasına öz töhfəsini verirlər.

Bu gün sürətli inkişaf yolunu seçən ölkəmiz həm də müxtəlif mədəniyyət və dəyərlərin daşıyıcısı olan xalqların, fərqli dinə etiqad edən insanların dinc şəraitdə yanaşı yaşadığı unikal multikultural məkandır. Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasəti ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi fəaliyyət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Billurə Aslanova BBMM-in yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı ilə 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dövlət orqanı kimi azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm səmərəli layihələr həyata keçirib və keçirməkdə davam edir. Mərkəz dünyada nadir olan təşkilatlardandır və tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoqun qlobal səviyyədə təşviqinə öz töhfəsini verməkdədir.

Mərkəzin təşkilatçılığı ilə Azərbaycanın bütün universitetlərində həm bakalavr, həm də magistr pilləsində, bütün ixtisaslarda multikulturalizm fənni tədris olunur. Bununla yanaşı, bu fənn Yaponiyadan, Hindistandan tutmuş İndoneziyayadək dünyanın 24 universitetində Mərkəzin təşkilatçılığı ilə tədris edilir. Bu, gələcək nəsillərdə tolerantlıq və multikultural düşüncənin formalaşması baxımından çox vacibdir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləridir. Bu layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan Qış və Yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub-yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev vurğulayıb ki, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib. Bu məmləkətdə bütün xalqlar sülh, əmin-amanlıq şəraitində xoşbəxt yaşayırlar. Azərbaycandakı bütün xalqlar özlərini sərbəst, rahat hiss edir, dini inanclarına görə mənfi münasibətlərə məruz qalmır, dövlətin hüquqlu vətəndaşları olaraq sülh şəraitində yaşayırlar.

Tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir