Birləşmiş Millətlər Təşkilatının (BMT) ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin (SBM) qurulmasının guya qanunsuz olduğuna dair və Azərbaycan Respublikasının bütün Silahlı Qüvvələrinin Laçın yolundan çıxarılması tələbi ilə bağlı qaldırdığı vəsatətləri rədd edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirək ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə sözügedən vəsatətlə bağlı 12 may 2023-cü il tarixində müraciət etmişdi.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov öz “Twitter” səhifəsində yazıb ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın məhkəmənin 22 fevral 2022-ci il tarixli qərara düzəliş edilməsi ilə bağlı vəsatətini haqlı olaraq rədd etməsini alqışlayır.
“Bu, məhkəmə tərəfindən yekdil qərar idi”, – Elnur Məmmədov qeyd edib.
Beynəlxalq Ədalət Məhkəməsi dövlətlərin ona təqdim etdiyi hüquqi xarakterli mübahisələri həll edir.
Bu, dövlətlərarası hüquqda yaranan mübahisələrin, fikir ayrılıqlarının, münaqişələrin, maraqlar toqquşmasının hüquqi əsaslarını tərtib edir.
Laçın yolunda Azərbaycanın quraşdırdığı sərhəd-buraxılış məntəqəsi üzrə Beynəlxalq Ədalət Məhkəməsinin qərarı rəsmi Bakıya danışıqlarda hüquqi çətinlik yaratmaq istəyənlərin önündə sədd qoyacaq.
Laçındakı postun Azərbaycan qanunlarına uyğun şəkildə qurulmasının beynəlxalq sübutunu Beynəlxalq Ədalət Məhkəməsi ortaya qoydu.
Bununla da göstərdi ki, Laçındakı sərhəd-buraxılış məntəqəsi tam qanunidir və buradan keçən erməni vətəndaşların yoxlanılması beynəlxalq nəzarət mexanizminə əsaslanır.
Ermənistanın vəsatətinin rədd edilməsi Ermənistana və Qarabağdakı separatçılara arxa durmaq istəyənlərə də yaxşı xəbərdarlıqdır.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarı imkan verəcək ki, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərində yaşayan ermənilərə münasibətini daxili siyasi-hüquqi dinamika əsasında möhkəmləndirsin.
Aqil Vəlili