• Ca. Noy 28th, 2024

Ukraynadakı müharibənin 500-cü günü: Dünyanı dəyişdirən savaş – ŞƏRH + FOTO

ByYenigun.news

İyl 8, 2023


Bu gün Ukraynadakı müharibənin 500-cü günüdür.

“Report” xatırladır ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Savaşın başlanmasının əsas səbəbi Ukraynanın NATO-ya üzvlük istəyi olub.

Ukrayna bu ilin iyun ayında əks-hücum əməliyyatlarına başlayıb. Əks-hücum əməliyyatları çərçivəsində bir çox bölgələr, o cümlədən 2014-cü ildən bəri işğal altında olan Luqansk vilayətindəki bəzi yaşayış məntəqələri işğaldan azad edilib.

Türkiyə müharibənin ilk günlərindən etibarən tərəflər arasında vasitəçi rolunu oynamağa, müharibəni dayandırmağa çalışır. Bu məqsədlə ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar. Həmin saziş çərçivəsində indiyədək 31 milyon ton taxıl dünya bazarlarına daşınıb. Razılığın müddəti bir neçə dəfə uzadılıb.

Türkiyənin koordinasiyası ilə həyata keçirilən saziş qlobal ərzaq böhranının həllinə yönəlib.

Bu il iyunun 6-na keçən gecə Rusiya qoşunları Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Kaxovka Su Elektrik Stansiyasının bəndini partladıblar. Rusiyanın terror aktı nəticəsində Kaxovka su anbarından axıntı başlayıb – onlarla yaşayış məntəqəsi su altında qalıb.

“Taxıl sazişi”nin müddəti bu il iyulun 17-də başa çatacaq. Kreml müqavilənin müddətinin uzadılmasına razılıq verməyib.

Rusiya və Ukrayna rəsmiləri bir neçə dəfə danışıqlar masası arxasına oturmağa cəhd etsələr də, bu səylər nəticəsiz qalıb.

Rəsmi Kiyevin mövqeyinə görə, müharibə yalnız 1991-ci il sərhədlərinin bərpası, o cümlədən Krımın azad olunması ilə başa çatmalıdır.

Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin bir neçə dəfə bildiriblər ki, ölkənin təhlükəsizliyi üçün təhdid olarsa, nüvə silahı tətbiq edilə bilər. Qərb bu xəbərdarlıqları blef kimi qəbul edir, Ukrayna isə təhdidlərə boyun əyməyəcəyini bildirir.

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya kasetli sursatların tədarükünü dünən təsdiqlədi. Bundan başqa, qarşıdakı aylar ərzində ABŞ istehsallı “F-16” təyyarələrinin Ukraynaya tədarükü gözlənilir. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcək üçün danışıqlar mümkün görünmür. Əksinə, müharibənin miqyasının daha da genişlənməsi və hazırda, onsuz da, davam edən üçüncü dünya müharibəsinin gələcəkdə rəsmi şəkildə elan edilməsi istisna deyil.

Ukrayna tərəfinin məlumatına görə, indiyədək Rusiya 233 mindən çox şəxsi heyət itkisi verib. Görünür, hər iki tərəfdən itkilər hələ uzun müddət davam edəcək. Müharibənin sonu görünmür. Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun vaxtilə dediyi kimi, bu savaşın qalibi olmayacaq.

Beləliklə, Ukraynadakı müharibə faktiki olaraq dünyanı dəyişdi. Yeni geosiyasi reallıqlar yaratdı. Savaşdan sonrakı dünyanı təsəvvür etmək isə asan deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir