• C. Noy 29th, 2024

“Qərbin ikili standartlarından nəticə çıxarmalıyıq” – RƏY + FOTO

ByYenigun.news

İyl 8, 2023


“Qərb bütün addımlarını öz maraqları çərçivəsində atır. Biz Qərbin ikili standartlarından nəticə çıxarmalıyıq”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspert bildirib ki, Qərb özü də başa düşür ki, kasetli silahların tədarükü (Ukraynaya – red.) doğru deyil:

“Amma sırf maraqları naminə bu addımı atırlar. Artıq bildirilib ki, kasetli bombalardan Rusiya ərazisində istifadə olunmayacaq və mülki əhali hədəf alınmayacaq. Bu, sözügedən silahların tədarükünə haqq qazandırmaq üçün bəhanə də ola bilər. Ümumiyyətlə, Qərb maraqlarına uyğun olanda bir cür, olmayanda isə tamam başqa cür bəyanat verir”.

“Biz Qərbin ikili standartlarından nəticə çıxarmalıyıq. Bu gün beynəlxalq hüquq işləmir. BMT faktiki olaraq ölü vəziyyətdədir. Əks halda Ermənistan ikinci Qarabağ müharibəsi zamanı kasetli sursatlardan istifadə edəndə beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınaqla qarşılanardı”, – o, vurğulayıb.

Ekspertin sözlərinə görə, Qərbin ikiüzlülüyü bir neçə dəfə özünü göstərib:

“Dünya dövlətləri ikinci Qarabağ müharibəsi zamanı deyirdilər ki, müharibənin hərbi yolla həlli yoxdur. İndi isə onun əksini iddia edir, sülhün Ukrayna üçün seçim olmadığını bildirirlər. Halbuki yazılmamış qanun var: siyasilər məsələni həll edə bilməyəndə, silahlar işə düşür. Bir ildən çoxdur ki, Ukraynada müharibə gedir. Görürük ki, Qərb dövlətləri Kiyevi dəstəkləyir. Bunu heç onlar özləri də gizlətmir. Dünya dövlətlərinin ikiüzlülüyü şəxsən mənim üçün təəccüblü deyil. Əgər bu gün beynəlxalq hüquq işləmirsə, əlbəttə, belə ikili satandartlar bundan sonra da təkrarlanacaq”.

Qeyd edək ki, ABŞ Ukraynaya kasetli sursatların tədarük ediləcəyini təsdiqləyib. Dünya dövlətlərinin bir çoxu 44 günlük müharibə zamanı Azərbaycanın belə sursatlardan istifadə etdiyini iddia edirdilər, halbuki Azərbaycan ağıllı raketlərlə legitim hədəfləri vururdu. Ermənistan isə Azərbaycana qarşı məhz kasetli sursatlardan istifadə etmişdi. “Bayraktar”larla bağlı da eyni yanaşma tətbiq edilib: Azərbaycanın istifadə etdiyi zaman bunu “ölüm silahı”, Ukrayna istifadə etdikdə “mələk” adlandırırdılar.

Ukraynanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi haqlı müharibə kimi qəbul olunur, Azərbaycanın isə öz torpaqlarının işğalı ilə barışmağa çağırırdılar. Azərbaycan ərazilər işğal olunan zaman Qərb “münaqişənin hərbi həlli yoxdur” deyirdi, Ukraynanın ərazi işğalı zamanı isə “münaqişənin sülh həlli yolu yoxdur” dünyaya car çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir